"Ermənistan müxalifəti Paşinyanı devirməyi planlaşdırır" - ELXAN ŞAHİNOĞLU
"Hakim "Mülki müqavilə" fraksiyasından olan deputatlar anlayırlar ki, erməni müxalifəti Paşinyanın mövqelərini zəiflətmək üçün Ermənistanı Azərbaycanla yeni toqquşmaya sürükləmək istəyir"
"Ermənistan parlamentinin komissiyası "Ayakve" mülki təşəbbüsü çərçivəsində irəli sürülən Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qadağanı ona görə dəstəkləməyib ki, əks halda bu Azərbaycanla növbəti müharibəyə səbəb olacaqdı. Hakim "Mülki müqavilə" fraksiyasından olan deputatlar müxalifətin təklifini neytrallaşdırıblar". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, onlar anlayırlar ki, erməni müxalifəti baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün Ermənistanı Azərbaycanla yeni toqquşmaya sürükləmək istəyir: "Çünki əgər Ermənistan parlamenti Qarabağla bağlı təxribatçı dəyişikliyi qəbul etsəydi, Azərbaycan buna seyrçi qalmayacaqdı. Belə bir “dəyişikliyin” qəbulu iki ölkə arasında sülh sazişinin imzalanmasını da mümkünsüz edir. Erməni müxalifətinin məqsədi bəllidir. Onlar Nikol Paşinyanı Azərbaycanla yeni müharibəyə sürükləmək istəyirlər".
Elxan Şahinoğlunun fikrincə, müxalifət bu müharibədən də Azərbaycanın qalib çıxacağını bildiyindən, bu yolla Paşinyanı devirməyi planlaşdırır: "Öz növbəsində, Paşinyan müxalifətinin planlarını pozmaqla məşğuldur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az