"Ermənistan parlamentinin sədrinin açıqlaması ortamı yumşaltmayacaq, real addımlara ehtiyac var" - ELXAN ŞAHİNOĞLU
"Xarici işlər nazirlərinin görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək"
"Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçiriəcəkləri görüşü irəliləyiş kimi qiymətləndirib. Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib. Görünür, Alen Simonyan bu yolla son zamanlar iki ölkə arasında artan gərginliyi azaltmaq istəyib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, bu kimi açıqlamalar ortamı yumşaltmayacaq, real addımlara ehtiyac var: "Real addımlar isə yoxdur. Baş nazir Nikol Paşinyan deputat olan partiyasının üzvləri ilə keçirdiyi qapalı toplantıda Azərbaycan prezidenti İlham Əliyevlə Münhen görüşündə nəticə əldə edilmədiyini bildirib. Əslində, Münhen görüşü müsbət nəticəyə hesablanmamışdı, həmin müzakirə gərginliyi azaltmaq üçün hədəflənmişdi. Ancaq Paşinyanın Münxendən dərhal sonra Parisə çağrılması və Fransadan alacağı yeni hərbi texnika, üstəgəl sərhəddə atəşkəsin pozulması hallarının artması Almaniyadakı müzakirələri heçə endirdi".
Elxan Şahinoğlunun fikrincə, bu dəfə də belə olacaq, xarici işlər nazirlərinin görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az