📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ermənistan rəhbərliyi dost adlandırdığı Fransaya qarşı səmimi deyil” — Aydın Mirzəzadə

2022-01-13 19:55:00

“Ermənistan rəhbərliyi dost adlandırdığı Fransaya qarşı səmimi deyil” — Aydın Mirzəzadə

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib. Dövlət başçısı bildirib ki, bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır: “Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək”.

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi və siyasi elitası heç də dost adlandırdığı Fransaya qarşı səmimi deyil. Deputat diqqətə çatdırıb ki, ermənilər onlara sərf eləməyən zamanda və formada istənilən vaxt dostlarını, mütəffiqlərini aldada, hətta pis vəziyyətdə qoya bilərlər:

"Bir tərəfdən Ermənistan rəhbərliyinin indiki prezident Makrona dostluq, qardaşlıq hisslərini görürük, digər tərəfdən isə onun rəqibi üçün piar yaratmağa çalışır. Prezidentliyə namizəd Valeri Pekresin İrəvanda yüksək səviyyədə qarşılanması Paşinyan və onun komandasının Makrona olan əsl münasibətini göstərir. Hesab edirəm ki, bu həmişə belə olacaq və Ermənistanı özünə dost bilənlər bilməlidirlər ki, istənilən vaxt Ermənistan onlara qarşı bu cür xəyanətkarlıq edəcək".

Aynurə Pənahqızı