"Ermənistan-Rusiya münasibətlərində gərginlik Azərbaycan və Türkiyəyə sərf edir" - NAZİM CƏFƏRSOY
"Hazırda Bayden və Fransa siyasətçiləri üçün daxili siyasət və erməni diasporasının istəkləri daha önəmlidir"
"Prosesləri çox tərəfli izləyəndə məndə bu fikir yaranır ki, ABŞ və Fransadakı erməni diasporası seçkilərdəki imkanlarını nəzərə alaraq Co Bayden və Emmanuel Makron administrasiyaları üzərindən Azərbaycan ilə Ermənistan arasında sülh müzakirələrini maksimum sabotaj edir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy qeyd edib.
Politoloqun sözlərinə görə, bu işdə ilk baqaja qoyduqları və maliyyət ödəyəcək şəxs isə Nikol Paşinyan hakimiyyətidır: "Belə ki, bir yandan "qorxma yanındayıq" deyə Paşinyana qaz verərək onu Rusiyanın önünə atırlar, digər yandan isə Paşinyan hakimiyyətini vəziyyəti daha da gərginləşdirməsi üçün təşviq edirlər. Erməni diasporasının bunu etməsinin ilk səbəbi mövcud sülh prosesini istəməyən radikal, şovinist ve revanşist təfəkkürə malik olmasıdır. İkinci səbəb isə hələ sovet dövründən bu yana Qərbdəki erməni diasporu içində Rusiya dövlətinin kəşfiyyat vasitəsilə əldə etdiyi yönləndirici təsir gücüdür. Ümumilikdə Paşinyandan nifrət edən bu təbəqə Rusiyanı təhrik edərək onu Moskvanın əliylə məhv edərək sülh prosesini sabotaj etməyə çalışır. Maraqlıdır ki, Paşinyan parlament saatında sülh prosesini önə çəkən önəmli mesajlar verərək durumu xilas etməyə çalışıb".
Nazim Cəfərsoy hesab edir ki, bugünkü qlobal, regional, ikitərəfli və daxili amillər nəzərə alındığında Ermənistan-Rusiya münasibətlərində kontrollu gərginlik Azərbaycan və Türkiyəyə taktiki baxımdan sərf edir: "Ancaq bu gərginlik kontroldan çıxsa və Ermənistanda Paşinyan hakimiyyətinə qarşı qeyri-legitim daxili və xarici müdaxiləyə səbəb olsa, bu, Azərbaycan və Türkiyə baxımından arzu edilməz və Qafqazda normallaşmanı məhv edəcək bir hadisə olar. Hazırda Bayden və Fransa siyasətçiləri üçün isə daxili siyasət və erməni diasporasının istəkləri daha önəmlidir. Onlar seçilmək üçün Paşinyanı rahatlıqla baqaja qoyarlar. Rusiya və İranın Paşinyan üçün reallıqda nə düşündüklərini isə hamı bilir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az