📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan Rusiyanın moderator olduğu təşkilatlardan de-yure uzaqlaşacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-11-22 14:01:47

"Düşünürəm ki, bundan sonra Rusiya ilə Ermənistan arasında siyasi-iqtisadi müstəvidə böhran başlaya bilər"

"Ermənistan Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etmir. Həm müdafiə, həm də xarici işlər nazirləri toplantıya qatılmayacaq. Bundan əlavə, Ermənistan Bişkekdə keçirilən MDB dövlət başçılarının sammitinə və xarici işlər nazirlərinin şurasına qatılmadı. Belarus prezidenti Aleksandr Lukaşenko Nikol Pasinyanla telefonla danışaraq onu Minskə dəvət etdi. Göründüyü kimi, Nikol Paşinyan telefon söhbətində toplantıya qatılmayacağını vurğulayıb". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun fikrincə, Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkodan Nikol Paşinyanla şəxsən danışmasını istəyib: "Bu gün demək olar ki, Ermənistan Rusiyanın moderator olduğu təşkilatlardan de-fakto kənarlaşıb. Növbəti mərhələdə de-yure uzaqlaşacaq. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Avropa və ABŞ-la sıx siyasi-təhlükəzsizlik siyasəti müstəvisində Rusiya ilə əlaqələri aşağı səviyyəyə endirib".

Milli Cəbhə Partiyasının sədr müavininin qənaətincə, Ermənistan gələn ildən etibarən KTMT-dən çıxmaq istiqamətində müəyyən addımlar atacaq: "Düşünürəm ki, bundan sonra Rusiya ilə Ermənistan arasında siyasi-iqtisadi müstəvidə böhran başlaya bilər. İki ölkə arasında davam edən bu böhran isə Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyini sual altına alır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az