📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan tərəfi anklavları məcbur geri qaytaracaq" - ELMAN VƏLİYEV

2021-09-15 17:09:00

"İran Azərbaycanla münasibətləri korladıqca İsrail Azərbaycana daha da yaxınlaşacaq"

"Türkiyə və Azərbaycan qüvvələrinin Laçında birgə hərbi təlimi və sonra Türkiyə, Pakistan və Azərbaycan qüvvələrinin təlimləri bəziləri üçün narahatlıq yaradır. İran tərəfi Ermənistana Gorus-Qafan magistralı vasitəsilə yüklər daşıyır. Azərbaycan tərəfi İrana bu barədə nota vermişdi, amma İran buna baxmayaraq, yükdaşımalarına davam etdi. İranla Ermənistan arasındakı əlaqələr “İkinci Qarabağ” müharibəsindən sonra bir xeyli məhdudlaşdı. Azərbaycan tərəfi Gorus-Qafan yolunda başlanğıc olaraq nəzarət postları təşkil edib. Bu marşrut xətti tam nəzarətə götürülsə, Ermənistan 3 tərəfdən blokadada qalacaq". Hurriyyet.az xəbər verir ki, bunu DİA (Dövlət İdarəçilik Akademiyası) Politoloqlar klubunun sədri, siyasi ekspert Elman Vəliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycan tərəfi bunu etməklə çalışır ki, Ermənistan vəziyyəti tez anlaya bilsin və sülhə yaxın gəlsin: "Ermənistanın belə bir situasiyada alternativləri məhdudur. Özü də yaxşı başa düşür ki, kompromisə getmək ən əlverişli yoldur. Amma fikirləşir ki, digər çıxış yolları tapaq (hədə-qorxu gəlməklə, digər dövlətlərdən yardım istəməklə) əgər alınmazsa, razılaşmaqdan başqa əlac yoxdur. Həmçinin, ehtiyatı da əldən vermək istəmir. Fikirləşir ki, açıq şəkildə Azərbaycanın dediklərini yerinə yetirsəm, yenə xalqla hakimiyyət arasında ixtilaf düşəcək. Amma buna baxmayaraq 3 tərəfli bəyanatın icrası yerinə yetiriləcək. Ermənistan tərəfi anklavları məcbur geri qaytaracaq".

DİA Politoloqlar klubunun sədrinin fikrincə, İranın bu tip propaqandalı siyasətinə qarşı mütləq şəkildə adekvat cavablar veriləcək: "Verilməlidir də, çünki bu gələcəkdə İranın özbaşınalıqlarına səbəb ola bilər. İlk öncə yenə də nota verilməli, sonra İran səfirliyi xarici işlər nazirliyinə çağrılmalıdır. İran tərəfi fikirləşməlidir ki, bu məsələdə itirən tərəf özü olacaq. Artıq Ermənistan heç kimə lazım deyil. İran Azərbaycanla münasibətləri korladıqca İsrail Azərbaycana daha da yaxınlaşacaq. Zənn edirəm ki, İran bunun fərqindədir. İran tərəfinin bu məsələ ilə bağlı özünü sığortalamaq xarakterli cavab verəcəyinə əminəm (yanlış anlaşma olub, bizim məqsədimiz ticarətdir, biz Azərbaycanla yaxın münasibətlərə malikik və s. tipli). Digər bir məqam isə İranın bu yük maşınlarının sürücülərini cənub soydaşlarımızdan təşkil etməsidir. Bunu etməklə iki tərəf arasına nifaq toxumları səpir. Yəni şimaldakılar baxsınlar ki, cənubdakılar ermənilərə dəstək olurlar. Amma halbuki biz müharibədə qələbə qazandıqda Araz boyu yerlərdə soydaşlarımız necə sevinirdilər. Bir başqa məqamı da qeyd edəsi olsaq, bu Xankəndilə bağlı olacaq. Xankənində insanlara pasport verilməsi ilə bağlı narahatlıqlar yaranıb. Ermənistan tərəfi Xankəndini “Artsax” adlandırdıqları qondarma respublikanın tərkibində sayırlar. Rəsmən isə bu respublika mövcud deyil. Rəsmən mövcud olmayan bir respublikanın pasportunu da sakinlərə vermək düzgün sayılmaz. Xankəndi də Azərbaycan ərazisi olduğu üçün Ermənistan pasportu da vermək olmur. Əvvəllər pasportlarına Ermənistan vətəndaşı yazılırdı. Yaşadığı yeri də Ermənitan ərazisi kimi göstərirdilər. Bunların xəyallarından keçən o idi ki, qondarma respublika rəsmən tanınsın və burdakıların pasportlarına “Artsax” vətəndaşı yazılsın. Amma bu elə xülya olaraq da qaldı. İkinci Qarabağ savaşından sonra vəziyyət tamamilə dəyişdi".

Elman Vəliyev qeyd edib ki, zaman keçdikcə həmin ərazilərdə yaşayan sakinlərin pasportuna Azərbaycan vətəndaşı yazılacaq: "Hazırda tərəflər arasında sülh sazişi olmadığından bölgədə müvəqqəti rus sülhməramlıları yerləşib. Sülhməramlıların sabiq komandiri Rüstəm Muradov vəzifəsini yekunlaşdıran zaman çıxış edərək dedi ki, sülhməramlılar 3 tərəfli bəyanata əsasən 5 il qalcaq sonra müddəti uzadılacaq. Sülhməramlılar mövcud olduğu müddətcə öz missiyalarını düzgün yerinə yetirmirlər. Sülhməramlılar olmazsa, tərəflər arasında konflikt dayanmayacaq deyə bir tendensiya reallığa sığmır. Sülhməramlıların bölgəyə gəlməsində məqsəd münaqişə tərəfləri arasında sülhü qorumaqdır, yoxsa bölgədə möhkəmlənməkdir? əlbəttə ki, sülhü qorumaqdır. Qarabağ Gürcüstan, Moldova, Ukrayna deyil!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az