Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirdi
“Bu, bizim hökumət proqramımıza daxil edilib”
Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcəyini bildirib. Bu barədə açıqlamanı Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Vaan Unanyan verib. O, sosial media hesabındakı açıqlamasında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla bağlı xüsusi nümayəndə təyin ediləcəyi barəsindəki bəyanatına şərh verib. Vaan Unanyan mətbuata açıqlamasında bildirib: “Bu planda Türkiyə XİN başçısının Ermənistanla münasibətləri normallaşdırmaq məqsədi ilə xüsusi nümayəndə təyin edilməsi açıqlamasını müsbət qiymətləndiririk və təsdiq edirik ki, erməni tərəfi də dialoqun aparılması üçün öz xüsusi nümayəndəsini təyin edəcək”.
Türkiyə mətbuatının yazdığına görə, Unanyan Türkiyə ilə münaqibətləri normallaşdırmağa hazır olduqlarını və bunun hökumət proqramında əks etdirildiyini söyləyib.
Xəbər verdiyimiz kimi, Çavuşoğlu Türkiyə Millət Məclisinin Ali Şurasında Nazirliyin 2022-ci il büdcəsinin müzakirələri zamanı Ermənistana səfir yox, xüsusi nümayəndə təyin ediləcəyini xatırladaraq deyib: “Azərbaycan da bunun son dərəcə münasib olduğunu bildirib. Biz hər bir məsələni Azərbaycanla koordinasiya edirik, danışırıq, onlarla birlikdə qərar veririk. Ermənistan bu son hadisələrdən dərs götürüb sülhü, dincliyi üstün tutarsa, səfirlik də açıla bilər. Bu məsələdə yenə Azərbaycanla birlikdə qərar verəcəyik”.
Hürr Tərcüman