Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan
Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı proses artıq o mərhələyə çatıb ki, tərəflər istənilən vaxt sərhədi açmaq barədə qərar verə bilərlər.
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan oktyabrın 16-da COP-17 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hazırda həyata keçirilməsi mümkün olan addımlar var və bunlardan ən asanı elektrik təchizatı şəbəkələrinin birləşdirilməsidir. O bildirib ki, bu istiqamətdə işlər artıq aparılır və proses başlayıb.
“Düşünürəm ki, ilk nəticələri yaxın gələcəkdə görə biləcəyik. Çünki bu sahədə o qədər də böyük tikinti işlərinə ehtiyac yoxdur. Elektrik enerjisi sahəsində də böyük iş tələb edən məsələlər var, eyni zamanda asanlıqla həll edilə biləcək məsələlər də mövcuddur”, – deyə Mirzoyan bildirib.
Ermənistan-Türkiyə sərhədinin bir gün qəfil açılmasının mümkünlüyü barədə əvvəlki açıqlamasına da aydınlıq gətirən nazir sözlərinin yanlış təqdim olunduğunu vurğulayıb.
“Mən demişdim ki, elə bir gün gələ bilər, səhər oyanarıq və sərhədin açıldığını görərik. Yəni proses artıq o qədər yetişib. Məncə, kifayət qədər məntiqli fikir söyləmişdim”, – o qeyd edib.
Mirzoyan Ermənistan-Türkiyə dialoqunun intensivləşdiyini, iqtisadi və ticarət məsələlərinin artıq diplomatik səviyyədə müzakirə olunduğunu bildirib.
“Dialoq o qədər intensivdir və proses o qədər yetişib ki, şərti olaraq sabah oyanıb hər iki tərəfin “Bəsdir, bu gündən sərhədi açırıq” dediyini görə bilərik. Baxın, biz bu prosesə nə qədər böyük etimadsızlıq şəraitində başlamışdıq, indi isə nə qədər əməkdaşlıq var.
Dialoqumuz və münasibətlərin normallaşdırılması prosesi kifayət qədər yetişib. İstənilən növbəti anda qərara gələ bilərik. Həm onlar, həm də biz Ermənistan-Türkiyə sərhədini aça bilərik”, – Ermənistanın xarici işlər naziri vurğulayıb.
Azərbaycanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasındakı mövqeyinə gəlincə, Mirzoyan qeyd edib ki, Bakının bu proseslərin paralel aparılmasını istədiyi məlumdur. Onun sözlərinə görə, Türkiyədə də iki prosesin paralel getməli olduğu bildirilib.
“Bu da sirr deyil ki, Azərbaycan belə hesab edir. Türkiyədə də ümumilikdə bu iki prosesin paralel getməli olduğunu deyiblər. Məsələ ondadır ki, hazırda Azərbaycanla sülhümüz var, Azərbaycanla ticarətimiz var. Həyat irəliləyir. Bu gün bir şey deyirik, sabah isə özümüzü daha əmin hiss etməyimizə imkan verən hansısa hadisə baş verir”, – Mirzoyan söyləyib.
Nazir regionda iqtisadiyyat, infrastruktur, etimad və psixoloji amillər baxımından sürətli və əsaslı dəyişikliklərin baş verdiyini, bu dəyişikliklərin müsbət istiqamətdə olduğunu iddia edib.
“Gəlin, prosesin bugünkü mənzərəsini elə bugünkü günün prizmasından qiymətləndirək. Sabah vəziyyət daha müsbət də ola bilər, daha mənfi də. Çünki ətrafımızda nələrin baş verdiyini görürsünüz”, – deyə Mirzoyan əlavə edib.