Ermənistan və Azərbaycan arasında DANIŞIQLARDA UZUN FASİLƏ YARANMAMALIDIR
Elxan Şahinoğlu: "Paşinyan düşünür ki, Zəngəzur dəhlizinin fəaliyyətinə Ermənistan üçün daha münasib şərtlər daxilində imkan yarada bilər"
Zaur Məmmədov: "Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olanlar Ermənistan adlı dövlətin xəritədə varlığını sual altına salırlar"
Asif Nərimanlı: "Türkiyə Ermənistana növbəti dəfə izah etdi ki, həm kommunikasiyanın açılması, Zəngəzur dəhlizi layihəsi, həm də sülh sazişi məsələsində Bakının mövqeyi Ankara üçün "yol xəritəsi"dir"
Türkiyənin xarici işlər naziri Hakan Fidan 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesi, Qara dəniz regionu və Suriyadakı vəziyyət müzakirə edilib: "Gündəlikdə bir çox məsələlər var: ikitərəfli əməkdaşlıqla yanaşı, regional problemləri də müzakirə etdik. Qafqazda sülh prosesini, Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən prosesləri müzakirə etdik. Suriya ilə bağlı məsələ daha çox vaxt tələb edir, lakin biz bu mövzunu da müzakirə edə bildik, bu mövzuya daha çox vaxt ayırmağa razılaşdıq".
Sözügedən forumda çıxış edən Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya isə qeyd edib ki, ölkəsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişaf etdirilməsində maraqlıdır və qonşularına danışıqlar üçün öz platformasını təklif edir. Nazir müavini əlavə edib ki, Tiflis üçün regionda sülh vacibdir: "Ümid edirəm ki, İrəvan və Bakı razılığa gələcək və bundan hər iki tərəf faydalanacaq".
Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda Moskvanın Ermənistanla münasibətlərə yenidən baxmağa məcbur edildiyi və İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bərabər, digər inteqrasiya qurumları haqda da qərar verməsinin vacib olduğu haqda sözlərini şərh edən erməni politoloq Armen Baqdasaryan isə hesab edir ki, proseslər sürətləndikcə, ritorika da sərtləşir: "Hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil. Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və s. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq".
"Danışıqların davamlı hal alması Paşinyanı və onun komandasını düzgün qərar verməyə həvəsləndirməlidir"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırması siyasəti nəticə verməyib: "Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan "Antalya Diplomatiya Forumu 2024"ün açılış mərasimində çıxışı zamanı "Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək" deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırması siyasəti nəticə vermədi. Əslində, Ankaranın bu siyasəti Ermənistanın baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalı və o erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusuyla problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir. Antalya forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı var idi ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan da Antalyadakı Forumda çıxış edərkən, Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır".
Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin Münhendəki müzakirələrindən sonra xarici işlər nazirlərinin Berlin görüşü tərəflər arasındakı danışıqları yenidən canlandırdı, bu görüşlərdən dərhal sonra işə başlayan Antalya Dilpomatiya Forumu da yerinə düşdü: "Ermənistan və Azərbaycan foruma böyük nümayəndə heyətləri ilə qatılmışdılar, iki ölkənin rəsmiləri müxtəlif panellərdə müzakirələrdə iştirak etdilər, suallara cavab verdilər, jurnalistlər yenidən canlı ünsiyyətin şahidi oldular. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra davamlı danışıqlarda maraqları olmalıdır. Elə etməliyik ki, danışıqlarda böyük fasilə yaranmasın. Danışıqların davamlı hal alması Ermənistanın baş naziri Nikol Paşinyanı və onun komandasını düzgün qərar verməyə həvəsləndirməlidir. Danışıqlarda fəal iştirak etmənin digər faydası Qərbin Azərbaycana qarşı təzyiq alətlərini zəiflətməsidir. Misal üçün vasitəçilikdə fəallaşan Berlin tərəflərdən bərabər məsafə saxlamalıdır. Paris bu imkanı əldən verdi və bundan Berlin yararlandı. Berlinə isə bu imkanı Azərbaycan yaratdı".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin qənaətincə, Ermənistan və Avropa İttifaqı çərçivə sazişinin imzalanmasından sonra da missiyanın fəaliyyətinin davamında maraqlıdırlar, çünki məlum "missiyanın" gizli məqsədi Ermənistan ərazisində Rusiya hərbi qüvvələri ilə rəqabəti davam etdirməkdir: "Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumunda müzakirələr zamanı belə bir cümlə işlədib: "İrəvan və Bakı arasında sülh Avropa İttifaqı missiyasını Ermənistandan çıxarmağa imkan verəcək". Yəni, Avropa İttifaqı təmsilçisi demək istəyib ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, Avropa İttifaqının "müşahidə missiyasının" Ermənistanda qalmasına ehtiyac olmayacaq. Ancaq bu cümlədən aydın deyil ki, sülh dedikdə konkret nə nəzərdə tutulub? Misal üçün iki ölkə arasında çərçivə sazişi imzalanarsa, Avropa İttifaqının müşahidə missiyası Ermənistan-Azərbaycan şərti sərhəddindən çıxarılacaqmı? Fikrimcə, İrəvan və Brüssel çərçivə sazişinin imzalanmasından sonra da missiyanın fəaliyyətinin davamında maraqlıdırlar. Çünki məlum "missiyanın" gizli məqsədi Ermənistan ərazisində Rusiya hərbi qüvvələri ilə rəqabəti davam etdirməkdir. Ancaq o da aydındır ki, Toivo Klaar həmin missiyasının iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrildiyinin fərqindədir və buna görə avropalı "müşahidəçilərin" bir müddət sonra bölgəni tərk edəcəyinə eyham vurub".
"Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, Azərbaycan ona yardımçı ola bilər"
Azərbaycan rəsmilərinin Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən Ermənistanın özü üçün cəlbedici olduğunu aylardır əsaslandırdığını vurğulayan Elxan Şahinoğlu bildirib ki, növbəti belə əsaslandırmanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda səsləndirib: "Birincisi, Elçin Əmirbəyov deyib ki, iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası bölgədə etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. İkincisi, prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Üçüncüsü, Elçin Əmirbəyov bir daha xatırladıb ki, Zəngəzur dəhlizi Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirə bilər. Azərbaycanlı diplomat sonda onu da xatırladıb ki, rəsmi Bakı layihənin Ermənistan üçün tam faydasını dərk edəcəyinə ümidlidir. Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil. Sadəcə, düşünür ki, dəhlizin fəaliyyətinə Ermənistan üçün daha münasib şərtlər daxilində imkan yarada bilər. Rəsmi Bakı İrəvanın nəqliyyat dəhlizinə nəzarət istəyinə razı deyil. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Əslində, Nikol Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, Azərbaycan bu məsələdə ona yardımçı ola bilər. Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq qorxusundan qurtara bilər".
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün çalışanlar proseslərə dərin məqsədlərlə yanaşırlar"
Hindistanın Akash-SAM silahlarını Ermənistana satmağa başladığını deyən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olanlar Ermənistan adlı dövlətin xəritədə varlığını sual altına salırlar: "Avrasiyanın orta dəhlizini qeyri-sabit vəziyyətdə saxlamaq kommunikasiya xətlərinin vacib nöqtələrindən birində yerləşən Hindistan üçün həm də geoiqtisadi əhəmiyyət daşıyır. Bununla da, bu dövlət son illər dünya ticarət kommunikasiyasında öz mövqeyini daha da gücləndirməyə hədəfləyən layihələri reallaşdırmaq istəyir və Çinin orta xətt projesinə mane olur. Ermənistanı silahlandıran və bölgədə vəziyyəti gərginləşdirən digər dövlət Fransadır. Paris Okeaniyada və Afrikada Çinin güclənməsindən narahatdır. Pekin-Ankara-London oxuna həssaslıqla yanaşır. Əslində, bu siyahıda bölgənin qonşuluğunda yerləşən digər qruplar da var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün çalışanlar proseslərə dərin məqsədlərlə yanaşırlar. Amma addımları ilə Ermənistan adlı dövlətin xəritədə varlığını sual altına salırlar".
"Ermənistanın məqsədi Ankara ilə üçüncü tərəfin, yəni Bakının maraqları nəzərə alınmadan münasibətlərin qurulmasıdır"
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Antalya Diplomatiya Forumunda xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndə Ruben Rubinyanla təmsil olunan Ermənistanın məqsədi Ankara ilə üçüncü tərəfin, yəni Bakının maraqları nəzərə alınmadan münasibətlərin qurulmasıdır: "Forum çərçivəsində Mirzoyan və Rubinyan bütün çıxışlarında bu məqamı xüsusilə vurğulayırdı. Ankaranın fikrini dəyişdirməyə ümid etdikləri üçün Antalya Forumuna yüksək səviyyədə qatılırlar. Çünki Ankara mövqeyini dəyişmədiyi müddətdə Ermənistan Azərbaycan-Türkiyə çəmbərindən çıxa bilməyəcək və bu ölkə üçün ən məqbul perspektiv Bakının gündəliyini qəbul etmək olacaq". Siyasi şərhçinin sözlərinə görə, Türkiyə isə ən yüksək səviyyədə Ermənistana növbəti dəfə izah etdi ki, həm kommunikasiyanın açılması, Zəngəzur dəhlizi layihəsi, həm də sülh sazişi məsələsində Bakının mövqeyi Ankara üçün "yol xəritəsi"dir: "Forumun açılış mərasimində çıxış edən Ərdoğan da bəyan etdi ki, "Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx koordinasiya ilə davam etdiriləcək".
Vazeh BƏHRAMOĞLU