📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Xankəndindəki hərbçilərini sentyabr ayına kimi geri qaytaracağını bildirdi

2022-07-19 13:56:00

Ermənistan Xankəndindəki hərbçilərini sentyabr ayına kimi geri qaytaracağını bildirdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni ordusunun son qalıqlarının Azərbaycanın Xankəndi şəhərindən və onun ətrafındakı ərazilərdən çıxarılmasının başlandığını xəbər verib. Qriqoryan əlavə edib ki, İrəvan bundan sonra daha çağırışçı əsgərləri qanunsuz şəkildə Laçın dəhlizi ilə Azərbaycana daşımayacaq.

“Armenpress” nəşrinin yazdığına görə, Qriqoryan Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin geri qaytarılması prosesinin sentyabr ayında başa çatacağını bildirib. Eyni zamanda qeyd edib ki, Xankəndindəki erməni separatçıları silahlarını yerə qoymayacaq və rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi rayonlarda sabitlik üçün təhlükə yaratmağa davam edəcəklər.

Xatırladaq ki, ötən cümə günü Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, əldə edilmiş razılığa əsasən, Ermənistan ordusunun qalıqları Xankəndini iyulun əvvəlinə qədər tərk etməli olduqları halda, bu baş verməyib. Prezident Əliyev İrəvanı erməni hərbçilərinin  könüllü gedib-getməyəcəyini açıq bildirməyə çağırıb ki, Bakı da bundan sonra necə hərəkət eləməli olduğunu bilsin.

Hürr Tərcüman