"Ermənistana II Qarabağ savaşı dərs olmayıb" - SAMİR HÜMBƏTOV
"Şuşa bəyannaməsini rəhbər tutaraq Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması mümkündür"
"Ermənistanın müdaifə naziri Arşak Karapetyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi və qondarma rejmin başçısı Araik Arutunyanla görüşməsi onu göstərir ki, Ermənistana II Qarabağ savaşı dərs olmayıb və ona görə də təxribatçı fəaliyyətlərini ən üst səviyyədə davam etdirirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.
Siyasi ekspertin sözlərinə görə, bu, həm də onu deməyə əsas verir ki, Rusiyadan sülhməramlı fəaliyyəti həyata keçirən olmaz: "Rusiyanın son zamanlar Qarabağda atdığı addımlara baxdıqda ermənilər tərəfindən davam etdirilən təxribatçı fəaliyyətlərin davam etdirilməsinə bilavasitə dəstək verdiyini görmək mümkündür. Hesab edirəm ki, Azərbaycan bu təxribatçı əməllərə qarşı daha çox qətiyyət göstərməli və həm Ermənistan, həm də ona dəstək verən Rusiyaya qarşı təzyiqləri artırmalıdır. Burada bizim üçün ən məqbul variant Türk hərbi bazaları ola bilər".
Samir Hümbətov hesab edir ki, 15 iyun 2021-ci il Şuşa bəyannaməsini rəhbər tutaraq bu addımları atmaq, yəni Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması mümkündür.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az