"Ermənistanda müharibənin başlaması ehtimalı çox böyükdür "
“Ermənistan cəmiyyətində müharibənin başlaması ehtimalı çox böyükdür və bu etirazlar onunla bağlıdır...”
Xəbər verdiyimiz kimi Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq təlimlərə cəlb edilməsiylə bağlı işlərə başlanılıb. Artıq avqustun 25-dən ehtiyatda olan hərbçilər təlimlərə cəlb edilib. Təlimlərin müddəti isə noyabrın 25-nə qədərdir. Lakin Ermənistan vətəndaşları dövlətin onları təlimlərə cəlb etməsini birmənalı qarşılamayıb. Onlar bildiriblər ki, biz təlimlərə cəlb olunarkən iş yerlərimizi itirəcəyik və bununla yanaşı, ailəmizi də dövlət bu müddət ərzində təmin etmir.
Hurriyyet.az-a açıqlamasında hərbi-ekspert Azad İsazadə deyib ki, əslində bu bəhanələrin arxasında başqa səbəblər var:
“Ehtiyatda olanlar təlimə cəlb ediləndə onlar iş yerlərindən çıxarılmırlar və hər ay maaşları verilir. Amma məlumdur ki, Ermənistanda əhalinin çoxu qeyri-rəsmi işləyir. Reallığa baxanda bunlar səbəbdir. Onlar başa düşürlər ki, ehtiyatda olanlar təlimə cəlb ediliblər və sabah döyüşlər başlasa, hərbçi kimi müharibədə də döyüşəcəklər. Hətta ehtiyatda olanların orduya çağırılmasından öncə də Ermənistanın müdafiə naziri demişdi ki, “biz onları təlimə cəlb edirik və ehtiyac olarsa, postlarda döyüş növbətçiliyinə də cəlb olunacaqlar”. Ehtiyatda olanların təlimə cəlb edilməsi normal haldır, amma onlar döyüş bölgəsində növbətçilik çəkirlərsə, buna faktiki səfərbərlik demək olar. Aydındır ki, Ermənistan genişmiqyaslı döyüşlərə hazır deyil, amma hansısa bir istiqamətdə döyüşlə nəsə əldə etməyə çalışacaq. Bütün bunlar isə hazırlıqdır, əhali də bunu başa düşür və müharibədən qorxduğunu deyə bilmədiyi üçün maddi problemlərini qabardır. Ermənistanda müharibənin başlaması ehtimalı çox böyükdür və bu etirazlar onunla bağlıdır”.