"Ermənistanda siyasi hərarət artır, Paşinyanın mövqeləri zəifləyir" - QUBAD İBADOĞLU
"Onun əleyhdarları Köçəryanın tərəfdarları deyildi, yeni müxalifətdir"
"Ermənistanda parlamentin spikerinin əsirlərlə bağlı qalmaqallı açıqlaması ölkəni qarışdırıb. Əsirlərin qohumları regiondan da paytaxta axışaraq baş nazirin ofisi qarşısında etiraz aksiyalarına başlayıblar". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın noyabrın 16-da Sünikdə əsir düşən hərbçiləri fərari adlandırdığını vurğulayan partiya sədrinin sözlərinə görə, bu barədə söhbəti əks etdirən gizli səs yazısı yayılaraq ölkədə gündəm olub: "Simonyan: Bu əsirlərin, bu əsgərlərin məqsədi nə idi? Həmsöhbət: Vətəni qorumaq. Simonyan: Bağışlayın, bəlkə mən fikrimi bir az səhv ifadə edirəm, amma düşünürəm ki, bu əsirlər artıq yoxdur. Onlar mənim üçün yoxdur. Terrorçular təyyarəni qaçıranda İsrail onlarla danışıq aparmır, həmin təyyarəni vurur. Bu məhbusların kim olduğunu bilirsinizmi? Həmsöhbət: Bunu sizdən eşitmək istərdim. Simonyan: Bunlar silahı yerə atıb qaçan, yolunu azmış adamlardır. Mən bu barədə açıq danışa bilmərəm. Sizə maraqlı deyil ki, məhbusların valideynləri niyə fəal deyillər? Çünki onlar da əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, əsir düşdülər. Baxın, Ermənistanda durum budur. Getdikcə siyasi hərarət artır, Paşinyanın mövqeləri zəifləyir".
Qubad İbadoğlu əlavə edib ki, Ermənistanın 9 vilayətindəki 36 icmada yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə 36 icmadan yalnız 16-da baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyası səslərin 50 faizdən çoxunu qazanıb: "Paşinyanın əleyhdarları Köçəryanın tərəfdarları deyildi, yeni müxalifətdir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az