"Ermənistandakı Aİ missiyası Rusiya, Azərbaycan və İranın əleyhinə fəaliyyət göstərir" - Zaxarova
Hurriyyet.az xəbər verir ki, RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyasını regionda sabitliyi pozmaqda ittiham edib.
Zaxarova gündəlik brifinqdəki çıxışında deyib: "Biz Aİ nümayəndələrinin Ermənistan ərazisindəki yarıhərbi varlığının qarşıdurmaçılıq mahiyyətini dəfələrlə açıqlamışıq. Dəlil-sübut axtarmağa ehtiyac yoxdur - hər şey göz qabağındadır. Bu missiyanın antirusiya, antiazərbaycan və antiiran hədəfləri aşkardır. Üstəlik, NATO ölkələri də bu missiyaya qoşulmağa başladıqdan sonra hər şey aydınlaşdı. Aİ-nin belə təşəbbüslərindən hərbi-siyasi sabitliyi pozmaq və regionu növbəti geosiyasi rəqabət meydanına çevirməkdən başqa heç nə gözləmək olmaz".
Zaxarovanın sözlərinə görə, bölgədə vəziyyətin sabitləşməsi, böhranın aradan qaldrılması, humanitar ünsiyyət və iqtisadi inkişaf üçün kommunikasiyaların açılması fürsətinin ortaya çıxdığı bir zamanda Qərb bundan narahat olaraq öz missiyasını göndərib.
Zaxarova deyib: "Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, yalnız burada yerləşən ölkələrin maraqlarına uyğun şəkildə, kənar müdaxilələr olmadan həll edilməlidir və edilə bilər".
Hürr Tərcüman