“Ermənistandakı Aİ missiyasının adı mülkidir, hərbçilərdən və xüsusi xidmət işçilərindən təşkil edilib” – Şoyqu
Rusiya Qərbin regiondakı fəaliyyətindən narahatdır
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Qərbin Ermənistanla Azərbaycan arasındakı danışıqlarda vasitəçilik etmək cəhdlərindən Rusiyanın narahatlığını bildirib.
Şoyqu KTMT müdafiə nazirlərinin mayın 25-də Belarusun paytaxtı Minsk şəhərində keçirilən iclasındakı çıxışı zamanı Qərbin hər bir yolla Qarabağ ətrafındakı vəziyyətə qarışmağa, burada öz varlığını artırmağa, Rusiyanın sülhməramlı siyasətini diskreditasiya eləməyə çalışdığını söyləyib.
Şoyqu deyib: “Qafqaz regionundakı vəziyyətə gəlincə, o, bir çox cəhətdən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması dərəcəsi ilə müəyyənləşir. İndi Qarabağdakı təhlükəsizliyi Rusiyanın sülhməramlı kontingenti dəstəkləyir. Lakin Qərb hər bir yolla vəziyyətə qarışmağa, regionda öz varlığını artırmağa, Rusiyanın sülhməramlı siyasətini diskreditasiya etməyə çalışır”.
Şoyqunun sözlərinə görə, Qərb üçün ən əsası – “təhlükəsizliyi və regionun uzunmüddətli perspektivdə çiçəklənməsini təmin eləmək yox, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır”.
“Buna nümunə - Avropa İttifaqının qondarma mülki missiyasıdır. Əslində, bu missiyaya hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub. Məncə, onların əslində nə ilə məşğul olduqlarını izah eləmək lazı deyil. Buna görə də regiona KTMT missiyasının göndərilməsi istiqamətində işə davam etməyi zəruri hesab edirik”.
Xəbər verdiyimiz kimi, Ermənistan KTMT üzvü olsa da, Müdafiə naziri Suren Papikyan mayın 25-də keçirilən iclasda iştirak etmir. Ermənistanı iclasda KTMT-dəki nümayəndəsi Ermənistan MN-in KTMT qərargahındakı nümayəndəsi Artak Tonoyan təmsil edir.
Hürr Tərcüman.