📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanı əldə etmək uğrunda Qərb və Rusiya arasında ciddi mübarizə gedir" - SAMİR HÜMBƏTOV

2021-11-23 14:30:00

"Əgər Paşinyan qısa zaman ərzində hakimiyyətdə təmsil olunan rusmeylli şəxsləri vəzifədən kənarlaşdıra bilsə, Ermənistanın Rusiyadan qopma prosesi daha da sürətlənə bilər"

"II Qarabağ savaşından sonra Cənubi Qafqazda dəyişən vəziyyət Ermənistanı yeni geosiyasi və geostrateji reallıqlarla barışmağa, mövcud durumunu yaxşı təhlil edərək nəticə çıxartmağa vadar edir. Mövcud Ermənistan rəhbərliyi, daha dəqiq desək, Nikol Paşinyan hökuməti yeni reallıqları qəbul etməyə başlasa da, daxildəki əsas müxalifət kimi qəbul edilən Robert Koçaryanın başçılıq etdiyi "Qarabağ klanı" və daim şovinistliyi ilə Ermənistan siyasi mühitinə təsir imkanlarını əlində saxlamağı bacarmış "Daşnaksütun" partiyasının təzyiqləri qarşısında geri addım atmağa məcbur olur". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətova məxsusdur.

"Qeyd etmək lazımdır ki, II Qarabağ savaşından sonra Ermənistan ordusu daxilində keçmiş baş qərargah rəisi Onik Qasparyanın başçılıq etdiyi bir qrup general baş nazir Nikol Paşinyanı devirməyə cəhd etsə də, bu cəhd uğursuz oldu və Paşinyan hakimiyyətdə qalmağı bacardı" deyən siyasi ekspert hesab edir ki, seçkiqabağı Nikol Paşinyanın Qərb dövlətlərinə səfəri də diqqətdən kənarda qala bilməzdi: "Bu isə onun açıq şəkildə özünü hansı tərəfdə gördüyünə bir işarə idi. 20 iyun 2021-ci ildə Ermənistanda keçrilmiş parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyan seçkidə iştirak edənlərin ümumi səsinin təqribən 63% qazandı. Təbii ki, Paşinyanın seçkidə qalib gəlməsinin arxasında bir sıra amillərin olduğu bildirilsə də, amma əsas amillərdən biri kimi Qərbdən aldığı dəstək olduğunu xüsusilə qeyd etmək olar. Bu gün heç kim üçün sirr deyil ki, Ermənistanı əldə etmək uğrunda Qərb və Rusiya arasında ciddi mübarizə gedir. Məhz buna görə də başda ABŞ və Fransa olmaqla, Qərb dövlətləri bütün gücü ilə Paşinyana dəstək verməklə hökumətdəki Rusiyameylli qüvələri sakit şəkildə hakimiyyətdən uzaqlaşdırmağa çalşırlar. Görünən odur ki, Paşinyanın da əsas məqsədi müəyyən zaman içində komandasında və ordu sıralarında çalışan, Rusiyaya meylliliyi ilə seçilən şəxsləri vəzifədən uzaqlaşdırmaqdan ibarətdir. Məhz bu söylənilən fikrilərin təsdiqi olaraq II Qarabağ savaşından sonra Paşinyan tərəfində 4 müdafiə nazirinin istefaya göndərilməsini göstərmək olar".

Samir Hümbətov bildirib ki, Paşinyanın apardığı bu islahatların nə dərəcədə effektiv olacağı və nə qədər müddətə davam edəcəyi isə hələlik sual altında olduğu görünür: "Əgər qısa zaman ərzində Nikol Paşinyan hakimiyyətdə təmsil olunan rusmeylli şəxsləri vəzifədən kənarlaşdıra bilsə, qarşıdakı dövrdə Ermənistanın Rusiyadan qopma prosesi daha da sürətlənə bilər ki, bu da Rusiyanın Cənubi Qafqaz siyasətinə uyğun gələn addım kimi qiymətləndirilə bilməz. 15 dekabr 2021-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ittifaqın prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üz-üzə görüş baş tutacağı haqqında informasiyalar verilməkdədir. Əgər görüş baş tutarsa, bu, II Qarabağ savaşından sonra tərəflər arasında baş tutacaq ilk üz-üzə görüş olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az