Ermənistanın ABŞ hərbi təlimlərinə qoşulması barəsində açıqlama
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Sivilnet” erməni internet kanalına müsahibəsində erməni hərbçilərin ABŞ-ın Quru Qoşunlarının Komandanlığının Avropadakı təlimlərində iştirakının İrəvanın xarici siyasət vektorunun dəyişməsi demək olmadığını bildirib.
Qriqoryan deyib: “ABŞ ilə münasibətlərimiz intensiv şəkildə inkişaf edir. Biz ABŞ ilə daha geniş iqtisadi formatda əməkdaşlıq eləməyə çalışırıq. Hərbi-siyasi əməkdaşlığımız isə müzakirə ediləcək səviyyədə deyil. Belə bir əməkdaşlıq üçün zaman lazımdır”. O, Ermənistanın KTMT-nin üzvü olmasının başqa ölkələrlə münsaibətləri inkişaf etdirməyi məhdudlaşdırmadığını qeyd edib.
Ermənistanın Müdafiə Nazirliyi 2023-cü ildə ABŞ-ın Quru Qoşunları Komandanlığının Avropada keçirəcəyi iki təlimdə (“KFOR” və “Sabre Junction” təlimləri) iştirak etməyi planlaşdırır. Yanvarın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü ildə Ermənistanın KTMT-nin öz ərazisində təlim keçirməsini məqsədəyönlü hesab eləmədiyini bildirmişdi.
Hürr Tərcüman