"Ermənistanın aprel ayında hərbi təxribatlara əl atması gözlənilir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Əgər bu, baş verərsə, o zaman Azərbaycan Zəngəzur dəhlizini hərbi güclə açacaq"
"Ermənistanın aprel ayında hərbi təxribatlara əl atması gözlənilir. Hindistan hərbçiləri Zəngəzurda Ermənistanın yeni hərbi hissələrində yeni döyüş silahlarının təlimini keçirirlər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq hesab edir ki, Ermənistan yenidən təxribatlara əl atarsa, Azərbaycan Zəngəzur dəhlizini hərbi güclə açacaq: "Yeni hərbi eskalasiya Ermənistanın biabırçı məğlubiyyəti və sülhə aparan bir proses ola bilər. Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsində maraqlı deyil. Bəzən deyilir ki, Ermənistan təxribatlara getməz. Amma biz daim bunun əksinin şahidi olmuşuq".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Ermənistan hakimiyyəti nə taktiki, nə də strateji ağıla sahibdir: "Bu ölkənin təməl siyasəti Azərbaycanfobiyadır və bundan sonra da bu siyasət davam edəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az