📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanın baş naziri və prezidenti ona görə bu yasxanada iştirak etmədilər ki..." - GƏLİŞMƏ

2021-09-04 11:29:00

Qarabağ separatçılarının və onları himayə edən çevrələrin 30 ildir Azərbaycanın da, dünya ictimaiyyətinin də zəhləsini tökdüyü qondarma qurumunun “müstəqillik” tədbirlərini keçirmək arzusu ürəyində qaldı. 44 günlük zəfərdən sonra bölgədəki prosesləri diktə edən Azərbaycanın qətiyyətli mövqeyi qarşısında çarəsiz qalan Ermənistan rəhbərliyi Xankəndiyə gəlməkdən vaz keçdi.

Məlum olduğu kimi, baş nazir Nikol Paşinyan 31 avqust-3 sentyabrda məzuniyyətdə olacağını elan edib, aradan çıxdı. Prezident Armen Sarkisyan da xarici səfər adı ilə gizlənməyi bacardı. Laçın dəhlizini və Xankəndi şəhərini “ovuc içi” kimi nəzarətdə saxlayan Azərbaycan əsgərinin gözü qarşısında onların ərazimizə gəlməsi onsuz da mümkün deyildi. Ancaq anladılar ki, proseslər məcrasında çıxa və Ermənistana daha bir sarsıdıcı zərbə endirilə bilər.

Erməni mediasının yazdığına görə, qondarma rejiminin qalıqlarının “müstəqillik günü”nü qeyd etmək üçün heç bir Ermənistan hökumətinin üzvü Qarabağa getməyib.

Baş nazir Nikol Paşinyanın Qarabağa niyə getmədiyini soruşduqda, hökumət aparatının mətbuat xidməti qısaca cavab verib: “Baş nazir 31 avqustdan bəri üç günlük məzuniyyətdədir”.

Hökumət iclasından sonra yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan Paşinyanın Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib.

Qeyd edək ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın Qarabağda olmayıb. “Siyasi bir qərar verilib, başqa bir şey axtarmayın”, - Xaçatryan qeyd edib. Hökumət üzvü bu siyasi qərarın səbəbinin nə olduğunu izah etməyib. “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması “hakimiyyətin Azərbaycanın diktə etdiyi oyun qaydalarını qəbul etməsi” deməkdir.

Bu blokun bəzi üzvləri isə hesab edirlər ki, Qarabağa gedə bilməyən hakimiyyət istefa verməlidir.

Qeyd edək ki, “Şərəfim var” blokunun üzvləri ilə yanaşı, Paşinyanın seçkilərədə rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” blokunun bir qrup üzvü də Qarabağa gəlib. Ancaq onları elə ermənilər gəldiklərinə peşman ediblər.

Azərbaycan dövlətinin icazəsi olmadan ölkəmizin sərhədlərini pozaraq, Qarabağa gəlmiş Ermənistan parlamentinin bir qrup üzvü Xankəndidə sürprizlə üzləşiblər. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, 44 günlük müharibədə məhv edilmiş hərbçilərin valideynləri daşla “silahlanaraq” Xankəndidəki “Ermənistan” mehmanxanasının qarşısına toplaşıblar. “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatlara hücum edən etirazçılar Nikol Paşinyanın rəhbərlik etdiyi blokun üzvzlərini uşaqlarının ölümünə görə ittiham ediblər. Qəzəblənmiş kütlə bəyan edib ki, ermənistanlı deputatların Qarabağa gəlməyə haqqı yoxdur.

Erməni mənbələri xəbər verir ki, “Vətəndaş müqaviləsi”nin bəzi tərəfdarları belə məlumatdan qəzəbənərək, heç bir insidentin olmadığını iddia ediblər. Ancaq sonradan baş verənlərin təfərrüatları da ortaya çıxıb. Məlum olub ki, həlak olan hərbçilərin yaxınları deputatların səfər qrafikini öyrəndikdək sonra onların “qardaşlıq məzarlığı”na getməsini əngəlləməyə çalışıblar. Bu mənada etirazçılar İrəvandan gələnlərin yerləşdiyi “Ermənistan” mehmanxanasına daxil olmağa cəhd göstəriblər. Ancaq “polis” qəzəblənmiş insanların qarşısını alıb. Vəziyyətin gərginliyini görən irəvanlı deputatlar qorxularından məzarlığa getməkdən vaz keçməyə qərar veriblər. Sonradan onlar Qarabağın separatçı “rəhbərliyi”nin və mühafizəçilərin əhatəsində qəbirləri ziyarət ediblər.

Qarabağdakı qondarma “parlament”in “deputat”ı David Qalstyan isə deyib ki, qəbiristanlığı ziyarətlə bağlı qrafikə dəyişiklik edilib. Belə ki, ziyarət əvvəlcədən saat 11.00-da reallaşdırılmalı olduğu halda, saat 10.00-a təyin edilib. Heç şübhəsiz ki, bu qərar qəzəbli kütlədən yayınmaq üçün verilib. Beləcə, vitse-spiker Ruben Rubinyan, Ayk Kondjaryan, Andranik Koçaryan, Rustam Bakoyan, Vladimir Vardanyanın Qarabağ separatçılarının “müstəqillik günü”ndə iştirak üçün Qarabağa qanunsuz səfərini elə ermənilər özləri burnundan gətiriblər.

Paşinyanın Xankəndinə getməməsi, “dqr”in “müstəqillik günü” tədbirinə nə özünün, nə də başqa Ermənistan rəhbərlərinin qatılmaması Azərbaycanın aktivinə yazılır. Bu, ölkəmizin hərbi-siyasi-diplomatik uğuru kimi qiymətləndirilir. Görünür Rusiyanın, Türkiyənin son günlər Ermənistana yönəlik bəzi yumşaq bəyanatları, jestləri ortada ciddi anlaşmanın olmasından xəbər verir. Paşinyan və komandası, bütövlükdə Ermənistan hakimiyyəti bu anlaşmanı zədələməmək üçün Xankəndi səfərini həyata keçirmədilər. Rusiya XİN rəsmisi M.Zaxarova da ölkəsinin Ankara ilə İrəvan arasındakı təmaslarda yardımçı olmağa hazır olduğunu bildirib.

Bəs Ermənistanla anlaşmada nələr ola bilər? Xankəndi, Xocalı, Ağdərə məsələsi masaya yatırıla bilərmi? Həmçinin Ermənistan Zəngəzur dəhlizi mövzusunda isrardan əl götürür, proje həyata vəsiqə qazanır. Əvəzində Türkiyə Ermənistanla sərhədləri açır, siyasi-diplomatik əlaqələri bərpa edir. Nəzəri baxımdan bunlar mümkün görünür? Bəs reallıq payı nə qədərdir?

QAT sədri Akif Nağı bildirdi ki, ermənilərin 30 illik saxta “yubiley”i necə qeyd edəcəklərini diqqətlə gözləyirdik: “Son ana qədər tam aydınlıq yox idi. Amma sonda düzgün, bəlkə də son 30 ilin ən doğru qərarını verdilər, reallığa uyğun mövqe tutdular. Bunu onların ”ağıllanması" kimi dəyərləndirmək fikrindən uzağam. Qərarın Rusiyanın məsləhəti ilə qəbul edildiyi şübhə doğurmur. Rusiyanın isə tam saf niyyətinə inana bilmərik. Moskvanın son təşəbbüsləri müəyyən narahatlıq doğurur. Buraya Ermənistan xarici işlər naziri ilə Sergey Lavrovun xüsusi görüşü, yeni rusiyalı həmsədrin regiona səfəri, Minsk Qrupu həmsədrləri çərçıvəsində danışıqlatın bərpasına cəhdlər, Ermənistanın silahlandırılması, statusla bağlı eyhamlar və sair daxildir. Ona görə də Rusiyanın növbəti dəfə ermənilərə nə isə vəd etməsi ilə bağlı təhlükəli məqamlar ola bilər".

A.Nağı bundan sonra daha tədbirli olmağımızı zəruri sayır: “Türkiyə ilə birlikdə bunları nəzərə almalı, sayıqlığı əldən verməməliyik. Nə qədər ki, sülh sazişi imzlanmayıb, istənilən təxribat ola bilər, ”cücələr"i kapitulyasiyadan sonra saymaq olar".

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ermənilərin yaşadığı ərazidə qondarma rejimin tör-töküntulərinin “təmtəraqlı müstəqillik tədbiri” keçirməsi baş tutmadı: “Sadəcə yas keçirdilər. Ermənistanın baş naziri və prezidenti ona görə bu yasxanada iştirak etmədilər ki, ilk növbədə Azərbaycandan çəkindilər. Həmçinin bu halda proses Ermənistana növbəti zərbə olacaqdı. Həmçinin Nikol Paşinyan Qarabağa getsəydi, artıq bütün proses bitəcəkdi və Azərbaycan hərəkətə keçəcəkdi”.

Ekspert Türkiyə ilə Ermənistan arasında müəyyən müsbət siyasi mesajların mövcudluğuna da diqqət çəkdi: “Belə olan təqdirdə Paşinyan Qarabağa səfəri ilə bütün normallaşma surəcəsinə zərbə vura bilərdi. Ona görə belə bir tədbirdə iştiraka getmədi”.

M.Əsədullazadə qeyd etdi ki, Ankara və İrəvan arasında təmaslar var: “Artıq Türkiyə təyyarələri Ermənistan üzərindən Bakıya uçur. Türkiyə sərhədlərin açılmasını Zəngəzur dəhlizi ilə bağlayır. Düşünürəm ki, Paşinyan buna gedəcək, Zəngəzurdan avtomobil yolunun açılmasına da razılıq verəcək”.

Politoloq hesab edir ki, artıq Qarabağdakı ermənilər Paşinyanın siyasi xəttində axırıncı yerdədir: “Çünki bu amil Nikol Paşinyanın bütün siyasətinin qarşısını alır və Ermənistanı növbəti blokadaya sövq edir. Həmçinin Paşinyan da Qarabağda ermənilərin Ermənistan üçün ağır və Rusiyanın əlində bir alət olmasının fərqindədir. Ona görə də Ermənistanın hökumət başçısı Azərbaycanla münasibətlərin daha böhranlı səviyyəyə girməsində maraqlı deyil”.

Ekspertin sözlərinə görə, Rusiya Paşinyanın Qarabağa gəlməsini istəyirdi: “Kreml maraqlı idi ki, vəziyyət iki ölkə arasında böhrana yuvarlansın. Amma Ermənistan hakimiyyəti buna getmədi. Türkiyə ilə sərhədlər Zəngəzur dəhlizinin açılması ilə bağlıdır və Paşinyan buna gedəcək. Bununla da Qərbə inteqrasiya edəcək”.

Ötən gecə Şuşa ətrafında baş verənlərdən görünür ki, ermənilərin özlərinin arasında Azərbaycanla münasibətlərlə bağlı yekdil fikir yoxdur və belə olan halda tezliklə anlaşmanın əldə olunması mümkün görünmür. Azərbaycan Müdaifə Nazirliyi xəbər verir ki, sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Azərbaycan ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. “Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”, - deyə MN-dən bildirilib.

Əslində N.Paşinyan ölkəsini və özünü xilas etmək istəyirsə, öncə revanşistləri, Qarabağa qorxusundan gələ bilməsə də, Qarabağ ermənilərinə müraciətlə onları “möhkəm olmağa”, növbəti müharibəyə (!) çağıran Köçəryan-Sarkisyan cütlüyü və digər dairələri zərərsizləşdirməlidir. Əks təqdirdə “dəmir yumruq” yenə də sözünü deyəcək...
 
“Yeni Müsavat”