📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanın cəhənnəmə getdiyi yolda dostu olmayacaq" - RAMİYƏ MƏMMƏDOVA

2021-09-02 12:14:00

"Antiterror əməliyyatları Ermənistanın qapısını döyür və bu əməliyyatların hədəfi İrəvan, Zəngəzur, Xankəndi olacaq"

"Bu gün 2 sentyabr qondarma "Artsax dövlətinin" 30 illik il dönümüdür. Bununla əlaqədar Ermənistanın bəzi partiya liderləri və fraksiyalarının Xankəndidə tədbirdə iştirak edəcəklər. Ermənistan rəhbərliyinın bu tədbirdə iştirak etməməsinə baxmayaraq, parlament üzvlərinin və müxalifət liderlərinin iştirakı gözlənilir". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər beynəlxalq münasibətlər üzrə ekspert Ramiyə Məmmədovaya məxsusdur.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra özünə gələ bilməyən və durmadan bəyanatlar verən Ermənistan elitası müharibənin bitmədiyini deyir və Qarabağın yenidən qaytarılmasından danışır: "Sərhədlərdəki gərginliyin azalmaması ermənilərin hələ həqiqətləri qəbul edə bilməmələrinin nümunəsi olmaqla, bu cür qanunsuz hərəkətlərin Ermənistanın məhvinə addım-addım yaxınlaşması deməkdir. Bu tədbirdə iştirak edən hər bir şəxs Azəbaycan qanunlarını və sərhədləri pozduğunu bildiyi halda, buna məhəl qoymadan tədbirdə iştirak etmək niyyətindədir. Buna şərait yaradan digər dövlət sülhməramlıların dövlətidir. Ermənistan məhvini özü hazırlayır. Bunu hər bəyanatda deyən İlham Əliyev və son çıxışında da Ermənistana "zeytin dalı" uzadan Türkiyə prezidenti Ermənistana sabit və parlaq gələcək vəd edirlər".

Ekspert bildirib ki, müharibədə udan və uduzan tərəf olur, uduzan tərəf bunu qəbul edir, ya da sona qədər mübarizə aparır və dövlətin tam olaraq yoxa çıxmasına səbəb olur: "Deyəsən, Ermənistan ikincini seçib və məhvə gedən yolda bayraq qaldırıb irəliləyir. Bu, onun öz işidir. Qondarma DQR varlığının göstərilməsi ermənilərə nə verir? Məncə, bu oyunların ssenarisi Ermənistanın özündən qaynaqlanmır, onu başdan çıxaran havadarlarından və maliyyə dəstəyi verəcəyini vəd edən erməni diasporasının oyunlarıdır. Ermənistanın bugünkü vəziyyəti bu oyunlara getməsinin yaxşı tərəfini gördüyü kimi pis tərəfini də görməlidir".

Ramiyə Məmmədova hesab edir ki, Ermənistanın cəhənnəmə getdiyi yolda dostu olmayacaq: "Sərsəm bəyanatların və hərəkətlərin sonu Ermənistanı yenidən Azərbaycan və Türkiyəylə yalnız başına üz-üzə gəlməsi ilə nəticələnəcək. Antiterror əməliyyatları Ermənistanın qapısını döyür və bu əməliyyatların hədəfi İrəvan, Zəngəzur, Xankəndi olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az