Ermənistanın Hindistandakı səfiri: “Tramp administrasiyası 44 günlük müharibədə Azərbaycanı dayandırmadı”
“Rusiya ilə Qərb bizi tərk edib”
Hurriyyet.az "Hindu" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Nyu-Dehlidəki səfiri Yuri Babaxanyan hazırda Ermənistanın qarşısında duran əsas məsələnin – Azərbaycanla sərhəddə 500 km boyunca hərbi infrastruktur tikintisi olduğunu bəyan edib.
Babaxanyan aprelin 13-də Dehlidə Cənubi Qafqazla bağlı keçirilən seminardakı çıxışı zamanı xatırladıb ki, Ermənistan Hindistandan yüz milyonlarla dollarlıq silah (o cümlədən, “Pinaka” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla) alışı müqaviləsini imzalamaqla Dehli ilə hərbi-texniki əməkdaşlıq edir. O, iki ölkə arasında tarixi bağların olduğunu qeyd etməklə yanaşı, yaxın günlərdə Ermənistanın Hindistandakı səfirliyinin yanında hərbi attaşenin də fəaliyyətə başlayacağını söyləyib.
Ermənistan səfiri çıxışı zamanı deyib ki, ABŞ ilə Avropa regionda mühüm fiqurlar olaraq qalsalar da, onların təsiri tədricən zəifləyir. Babaxanyanın sözlərinə görə, Ermənistan özünü Rusiya və Qərb tərəfindən atılmış hesab edir. Gileyli səfirin iddiasına görə, “2020-ci ilin payızında 44 günlük müharibə dövründə Tramp administrasiyanının hərbi əməliyyatları dayandırmaq cəhdləri qətiyyətsiz və yubandırıcı olub”.
Babaxanyan deyib ki, Co Bayden administrasiyası regiona daha çox diqqət ayırmağa çalışır, çünki Cənubi Qafqaz Qərbin Çin, Rusiya və İran kimi böyük rəqiblərinin, həmçinin İsrail, Türkiyə və Səudiyyə Ərəbistanı kimi “çətin tərəfdaşların” maraqlarının kəsişdiyi məkana çevrilib.
Hürr Tərcüman