Ermənistanın Tehrandakı səfiri: "Biz İranın xüsusilə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyini yüksək qiymətləndiririk"
İran parlamentinin rəsmisi işğalçı Ermənistanın səfiri ilə görüşdə iddia edib ki, Tehran Ermənistan-Azərbaycan sərhədlərində sülhün bərqərar olmasının tərəfdarıdır.
İranda yaşayan ermənilərin mətbu orqanı olan “Alik Online” saytının xəbərinə görə, İslam Şurası Məclisinin sədrinin beynəlxalq məsələlər üzrə müavini Kazem Şafeyi Ermənistanın İrandakı səfiri Arsen Avakyanla görüşdə deyib: “Rəsmi Tehran Ermənistan-Azərbaycan sərhədlərində sülh və əmin-amanlığın bərqərar olması istiqamətində müxtəlif beynəlxalq səviyyələrdə göstərilən bütün səyləri dəstəkləyir”.
Görüşdə Tehran və İrəvan arasında müsbət və inkişaf etməkdə olan əlaqələrə toxunan İran parlamentinin rəsmisi bildirib: “İki ölkə arasında ortaq tarixi və mədəni cəhətlər, eləcə də bir çox imkanlar mövcuddur ki, bunlardan xalqlarımızın mənafeyi naminə istifadə olunmalıdır”.
İran İslam Respublikasının qonşulara münasibətdə dostluq mövqeyi olduğunu və İran İslam Respublikası ilə Ermənistan arasında bütün sahələrdə əməkdaşlığın mümkün olduğunu dilə gətirən Kazemi əlavə edib: “Biz Ermənistana və bütün qonşularımıza sülh və əmin-amanlıq arzulayırıq. Ölkələrin ərazi bütövlüyü, beynəlxalq sərhədlərin qorunub saxlanması bizim üçün pozulmaz prinsipdir və bu məsələ müxtəlif səviyyələrdə rəsmilərimiz, xüsusilə də ali rəhbər tərəfindən dəfələrlə dilə gətirilib və vurğulanıb”.
Görüşdə Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan da iki ölkə arasında münasibətlərin müsbət tarixinə toxunaraq deyib: “Regionun qüdrətli ölkəsi kimi İran İslam Respublikası ilə əlaqələr bizim üçün önəmlidir və iki ölkə müxtəlif sahələrdə, xüsusən də parlament müstəvisində bir-biri ilə yaxşı əlaqələrə malik ola bilər”.
Sonda erməni səfir İran İslam Respublikasının xüsusən də Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyini yüksək qiymətləndirib.
Ülviyyə, Hurriyyet.az