📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın üç BÖYÜK düşməni – Daha böyüyü də var!

2026-11-09 18:54:33

Ermənistanın üç BÖYÜK düşməni – Daha böyüyü də var!

Ermənistan parlamentinin sədri Ruben Rubinyan sabiq prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçəryan və Serj Sərkisyanı ölkənin əsas düşmənləri adlandırıb. Spikerə görə, onlar Ermənistanın müstəqilliyinin düşmənləri olublar və belə də qalmaqdadırlar.

Azərbaycan xalqına qarşı silsilə cinayətlərin, o sırada etnik təmizləmə və soyqırımlarının təşkilatçıları olan bu üç üzdəniraq və onların tərəfdarları ilə Nikol Paşinyan hakimiyyəti arasında qarşıdurma hazırda pik həddə çatıb. Hərgah, erməni cəmiyyətinin ən böyük düşməni, əslində, adı çəkilən üç nəfər deyil. Yəni, qat-qat təhlükəli düşmən də var. Ter-Petrosyan-Koçəryan-Sərkisyan üçlüyü isə, sadəcə, səbəbin doğurduğu nəticə, təzahürlərdir. Gəldik mətləbə.

Faşizm üzərində bərqərar olmuş erməni dünyagörüşü

Hay qəbiləsinin ən qorxulu düşməni məhz xəstə erməni təfəkkürünün, “Böyük Ermənistan” mifinin toplumun mühüm hissəsinin şüuruna hələ də hakim kəsilməsidir, Türkə patoloji nifrətin davam eləməsdidir. Necə deyərlər, bir adamın özünə elədiyi pisliyi heç kim edə bilməz. Cəmiyyətlər də elə...

Bu da “isti” nümunə. Hökumətin vəd elədiyi kimi, bu ay Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer almayacağı yeni konstitusiyanın mətni ictimai müzakirələrə çıxarılacaq. Bunu eşidən radikal-revanşist müxalifət dərhal İrəvanda "məlumatlandırma aksiyaları"na başlayıb. Məsələn, Rusiyaya bağlı “Güclü Ermənistan” partiyasının parlament fraksiyasının rəhbəri Narek Karapetyan bildirib ki, aksiyanın iştirakçıları İrəvanın müxtəlif rayonlarına gedərək əhali arasında “maarifləndirmə işi” aparacaqlar. Yəni ki, əks-təbliğat.

“Ermənistan” fraksiyasının deputatı Kristina Vardanyan isə bəyan edib ki, məsələ konstitusiyanın yalnız bir maddəsi ilə bağlı deyil. Onun sözlərinə görə, əsas məqsəd “Ermənistanın müstəqilliyinə və dövlət suverenliyinin qorunmasına sadiqliyin yenidən təsdiqlənməsidir”.

Öz növbəsində revanşist müxalifətçi Anna Qriqoryan bildirib ki, aksiyaların məqsədi vətəndaşlara müxalifətin “Azərbaycan konstitusiyası” adlandırdığı (!) yeni konstitusiya layihəsinin “Erməni xalqı üçün hansı təhlükələr yaratdığını” və ümumilikdə ölkədə hansı proseslərin baş verdiyini izah etməkdir...

Levon Ter-Petrosyanın sədri olduğu partiyanın təmsilçisi Levon Zurabyan isə görün nə çərənləyib. Zurabyan öncə iddia edib ki, Paşinyan indiki qədər heç vaxt müxalifətə birləşmə fürsəti verməyib. “Paşinyanın Ermənistanın yeni konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaq təşəbbüsü hətta ənənəvi düşmən qüvvələri də birləşdirib”, - deyə partiya rəsmisi sevincək ərz edib ki, müxalif qüvvələr guya artıq “Ermənistanın suverenliyini itirməsinə qarşı mübarizə aparır”. Və guya radikallar da sülh istəyir, amma ədalətli sülh: “Mövcud hökumətin siyasəti isə Azərbaycana daimi güzəştlər üzərində qurulub və nəticədə Ermənistanın özünəqəsdinə gətirib çıxaracaq”.

Hansı güzəştlər? Bu avantüristlər doğurdanmı zənn edirlər ki, konstitusiyada qonşu ölkəyə ərazi iddiası ilə bağlı istinadən çıxarılması Azərbaycana güzəştdir? Görəsən hansısa ölkənin “Əsas Qanunu”nda Ermənistana ərazi iddiası ilə bağlı bənd olsaydı, revanşist zümrə bunu normal qarsıyardımı? Bunlar nə yeyir, nə içir və bizi nə hesab edirlər? Ağılları yenə hara gedib? Bu, nə xam xəyal?

Hələ üstəlik, cəmiyyəti yenidən öz axmaq ideyaları arxasınca aparmağa çalışır, həyasızcasına qonşularla sülhdən dəm vururlar. Bu zatlar gerçəkdənmi inanırlar ki, konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları qala-qala onlarla sülh müqavilələri imzalana, Ermənistan və onun əhalisi əmin-amanlıq içində, təhlükəsiz mövcud ola bilər?..

Ona görə altını təzədən cızmaq zorundayıq: hayların ən qorxulu düşməni “miatsum” sərsəmləməsinin daşıyıcılarıdır!

Alen Simonyan WANTS to come to Azerbaijan | Modern.az

Bu yerdə erməni də olsa, Təhlükəsizlik Şurasının katibi Alen Simonyana haqq qazandırmamaq mümkünsüz. Srağagün o, belə bir açıqlama vermişdi: “70 il ərzində erməni cəmiyyətinə “Rusiyanın ətəyindən yapışaq, yoxsa türklər bizi məhv edər” düşüncəsini təlqin ediblər. Lakin bunun reallıqla əlaqəsi yoxdur".

Ardınca o, 1960-cı illərdə sovet rəhbərliyinin İrəvanda saxta soyqırımı memorial kompleksinin tikintisinə icazə verməsini də dürüst şərh edərək demişdi ki, həmin qərarın məqsədlərindən biri ermənilərdə Rusiyanın himayəsi olmadan “yeni faciə”nin qarşısını almağın mümkün olmadığı təsəvvürünü möhkəmləndirmək olub.

“Böyük Ermənistan” xülyasını yaşadan amillərdən biri də şübhəsiz, elə Kremlin bu antitürk narrativi olub. Heç təsadüfi deyil ki, üç sabiq və cani prezidentin üçü də Moskvaya bağlı ünsürlərdir. Əlavə şərhə ehtiyac varmı?..