📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlama ehtimalı yoxdur" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-12-19 12:52:57

"Əgər sülh müqaviləsi bağlanarsa, Ermənistan tərəfindən ABŞ, Azərbaycan tərəfindən isə Türkiyənin sülh müqaviləsində imzası ola bilər"

"Ermənistan hakimiyyəti ABŞ-ın təlimatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Təbii ki, Ermənistan bu məsələdə təkbaşına qərar verəcək siyasi iradəyə malik deyil. Qeyd edim ki, ABŞ Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanımaqla Ermənistanı məcbur etdi ki, Azərbaycanın ikitərəfli danışıqlar təklifini qəbul etsin". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq hesab edir ki, Rusiya ABŞ-dan fərqli olaraq Qarabağın mübahisəli ərazi kimi qalmasında maraqlı idi: "Bir müddət bundan əvvəl Vaşinqton Ermənistanın "Sülh qovşağı" adı altında planı ilə hərəkət etsə də, artıq bununla bağlı mövqeyini dəyişib. ABŞ administrasiyası Azərbaycana qarşı sanksiya siyasətindən geri çəkilib. Ümumiyyətlə, dövlət katibi Entoni Blinken praqmatik siyasətçidir və Azərbaycanla əməkdaşlığa yüksək səviyyədə dəyər verir. Bu gün rəsmi Bakının təklifi əsasında Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqların başlanmasında Blinkenin rolu var".

Məhəmməd Əsədullazadənin qənaətincə, əgər gələn ay Vaşinqtonda xarici işlər nazirlərinin görüşü baş tutarsa, o zaman sülh müqaviləsinin mətni ilə bağlı həll edilməyən bəndlər müzakirə ediləcək: "Əgər sülh müqaviləsi bağlanarsa, Ermənistan tərəfindən ABŞ, Azərbaycan tərəfindən isə Türkiyənin sülh müqaviləsində imzası ola bilər. Çünki Ermənistan hakimiyyəti ABŞ-ın sülh müqaviləsində qarant ölkə olmasında maraqlıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az