📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır” - Yenilənib

2026-10-02 12:10:17

“Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır” - Yenilənib

“Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi”.

Hurriyyet.media  xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib ki, bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik: “Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik”.

***

Prezident bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir.

Dövlət başçısı vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər: “Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik və bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”.

***

İlham Əliyev vurğulayıb ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır.

Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlət başçısı bunun (hərbi gücümüzün artırılması – red.) nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: “Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.

***

Prezident qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır.

Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin xərcləndiyini qeyd edən dövlət başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.