📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Əsgərimizin əməyi iqtisadi inkişaf, sosial məsələlərin həlli ilə taclandırılmalıdır" - NATİQ CƏFƏRLİ

2023-10-05 13:31:25

"Haqsız rəqabət, inhisarçılıq iqtisadiyyatın "qırmızı işığıdır", bu qaydanı pozanlar cəza almalı, tapşırığa ehtiyac olmadan, qanunlarla, işlək və hüquqi qaydalarla cəzalandırılmalıdırlar"

"Ərazi bötövlüyümüzün bərpasından, tarixi qələbəmizdən sonra Azərbaycanın əsas mücadiləsi məhz iqtisadi problemlərin həlli, rifah dövlətinin yarıdılması olmalıdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

REAL-ın icra katibi hesab edir ki, əsgərimizin əməyi iqtisadi inkişaf, sosial məsələlərin həlli ilə taclandırılmalıdır: "Bunun üçün isə effektiv idarəetmə sistemi olmazsa-olmazdır. Bir neçə il əvvəl iqtisadiyyatın başına gənc və perspektivli Mikayıl Cabbarov gələndə hamımızda müəyyən ümidlər var idi ki, o öz komandası ilə yeni modellərin qurulmasında, yeni iqtisadi münasibətlərin yaradılmasında önəmli rol alacaq, amma təəssüf ki, illər keçdikcə gənc və perspektivli kadrdan köhnəlmiş məmura çevrilir. Cənab nazirdən sitat: "Prezident İlham Əliyev haqsız rəqabətlə mübarizə aparmaq barədə tapşırıq verib". Hörmətli nazir, bunun üçün Prezidentin tapşırığına nə ehtiyac var ki?! Bu Sizin birbaşa vəzifə borcunuz, illərdir məşğul olmalı problemdir axı, mütləq gərək Prezident tapşırıq versin?! Bu ona bənzəyir ki, məsələn, yol polisi açıqlayır - Prezidentin tapşırığı ilə qırmızı işıqda keçənləri saxlayıb cərimələyirik. Haqsız rəqabət, inhisarçılıq iqtisadiyyatın "qırmızı işığıdır", deməli bu qaydanı pozanlar cəza almalı, tapşırığa ehtiyac olmadan, qanunlarla, işlək və hüquqi qaydalarla cəzalandırılmalıdırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az