📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ƏSİRLƏR, YOXSA “S-300” RAKETLƏRİ?... – Belqorodda düşən “İl-76”-nın göyərtəsində kimlər olub?

2024-01-24 15:48:52

ƏSİRLƏR, YOXSA “S-300” RAKETLƏRİ?... – Belqorodda düşən “İl-76”-nın göyərtəsində kimlər olub?

Xəbər verildiyi kimi, Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətində Rusiyaya aid “İl-76” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Daha doğrusu, bunun məhz qəza olduğunu Rusiya rəsmi orqanları iddia edirlər. Lakin hadisə ilə bağlı videogörüntülər təyyarənin vurulduğuna dair qənaət yaradır.

Artıq Rusiya Müdafiə Nazirliyi “İl-76”-nın qəzaya uğradığını bildirməklə yanaşı, qeyd edib ki, təyyarənin göyərtəsində əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin 65 hərbi qulluqçusu, 6 ekipaj üzvü və nazirliyin 3 təmsilçisi olub. Nazirlik iddia edir ki, 65 ukraynalı əsir mübadilə edilmək üçün təyinat nöqtəsinə aparılırmış.

Hurriyyet.az xəbər verir ki, Ukrayna tərəfinin hadisə ilə bağlı öz versiyası var. Doğrudur, hələlik heç bir rəsmi açıqlama verilməyib. Lakin Ukrayna mediası Ukrayna Silahlı Qüvvələrindəki mənbəyə istinadla yazır ki, təyyarəni Ukrayna tərəfi vurub. Mənbənin sözlərinə görə, düşən “İl-76” məhbusları deyil, “S-300” raketləri daşıyırmış.

Kreml Rusiya Müdafiə Nazirliyinin mesajını şərh etməkdən imtina edib. Dmitri Peskov bildirib ki, bu, yeni məlumat olduğundan, yalnız araşdırma apardıqdan sonra açıqlama verəcəklər.

Bundan öncə isə Belqorod qubernatoru öz “telegram” kanalında yazıb: “Koroçanski rayonunda insident. Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. İş qrafikimi dəyişib əraziyə getdim. Bütün təfərrüatlar sonra". Yəni, o da təyyarədə məhz əsirlərin olduğuna dair heç nə yazmayıb.

Xatırladaq ki, 2022-ci ilin iyulunda Rusiya işğal olunmuş Yelenovka yaşayış məntəqəsində 50-dən artıq ukraynalı əsiri qətlə yetirərək, onların guya Ukraynanın atdığı “Himars” raketinin yaratdığı partlayış nəticəsində həlak olduqlarını iddia etmişdi.

AzPolitika.info