Levon Ter-Petrosyan yazır ki, kompromis əleydarlarının bugünkü hərəkətləri də Ermənistan və Qarabağdakı böhranı dərinləşdirir.
Keçmiş prezident bildirir ki, indiki müxalifətin başlıca məqsədinin nə olduğu bilinmir: “Serj Sarkisyanın təşəbbüsü ilə Paşinyana “təslimçi” yarlığı yapışdırılıb. Bu bəlkə həqiqət olsa da, yarımçıq həqiqətdir. Əslində Paşinyan yox, Ermənsitan təslim olub. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiyası haqqında bəyanata qol çəkib. Bu səbəbdən də Paşinyanın yerində kimin – Robert Koçaryanın, Serj Sarkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq, istənilən şəxs Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.
Levon Ter-Petrosyan yazır ki, problem Ermənistanda kimin lider olmasından asılı deyil: “Əgər bu sadə həqiqət başa düşülməsə, ölkəmizin daxili siyasi silkələnməsi davam etdirilsə, bizdən tələb olunacaq qərarlar, Paşinyanın, yoxsa başqa birinin yekun sənədə qol çəkməsindən asılı olmayaraq dəfələrlə ağrılı olacaq”.
Keçmiş prezidentin fikrincə müxalifətin indiki liderləri bunu başa düşmürlərsə, deməli onların siyasətdən anlayışları yoxdur: “Yox, əgər onlar bunu anlayaraq daxili siyasi silkələnməni davam etdirirlərsə, deməli onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan başqa maraqları güdürlər”.
Bununla yanaşı Ter-Petrosyanın fikrincə müxalifətin təşkil etdiyi etirazlara hazırkı hakimiyyətin sərt reaksiyası da milli maraqlara xidmət etmir: “Ümidsiz bir şəkildə nikbin olaraq, mən hər halda gözləyirəm ki, qarşıduran tərəflər, nəhayət, öz mövqelərinin təhlükəliliyini dərk edəcək, vəziyyəti daha da mürəkkəbləşdirməmək və yeni təhlükələrdən yan keçmək naminə hər hansı bir razılaşmaya nail olacaqlar”.
Levon Ter-Petrosyan yazır ki, “əgər ziyalıların nümayəndələri vətənpərvər bir işlə məşğul olmaq istəyirlərsə, qoy Nikol Paşinyanı, Robert Koçaryanı, Serj Sarkisyanı bir masa ətrafına gələrək daxili siyasi böhrandan çıxış yolu tapmağa məcbur eləsinlər”.