📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Etibar Hüseynov: “Jirinovski dünya siyasətinin ən maraqlı personalarından biri idi...”

2022-04-06 21:00:00

Etibar Hüseynov: “Jirinovski dünya siyasətinin ən maraqlı personalarından biri idi...”

“Kimin nə deməsindən asılı olmayaraq Jirinovski dünya siyasətinin ən maraqlı personalarından biri idi. Adına "təlxək" deyənlər belə onunla hesablaşır, ondan çəkinirdi. Davranışı, özünə məxsus danışıq manerası hər hansısa sərhəd tanımırdı. Ona görə də bir çoxları ilk vaxtlar onun dediklərinə ironiya, təbəssümlə yanaşsa da zaman-zaman Jirikin söylədiyi proqnozların nə qədər dəqiq və səlis olduğunun şahidi oldular”.

Bunu sabiq deputat Etibar Hüseynov bildirib.

E.Hüseynov qeyd edib ki, çıxışlarındakı şovinist, imperialist notlar Jirinovskini Rusiya millətçiləri arasında nüfuz sahibi edib: “Partiyası siyasi çəkisinə görə iqtidar “Vahid Rusiya”sından sonra 2-3-cü yeri bölüşürdü. Dövlət büdcəsindən rəsmi olaraq ildə 2 milyard rubla yaxın maliyyə alırdı. Jirinovski üçün heç bir mövzu və hərəkətdə kompleks mövcud deyildi. O küçə, TV studiyasından tutmuş, Parlament tribunasına qədər istədiyini söyləyir, qarşısındakının jurnalist və ya deputat, kişi və ya qadın olmasının fərqinə varmadan yumruqlayır, saçından tutub sürükləyirdi. Onun Leninin mumiyasının movzoleydən çıxarılaraq Viyetnam və ya Çinə satılması tipli onlarla qeyri-standart təklifləri həmişə gündəmə çevrilirdi. "Mənə mədəniyyətsiz deyən adam axmaqdır. Mən onun üzünə tüpürərəm". "Pereobrajenskilər yoxdu artıq. Ona görə də şarikovların içindən seçmək məcburiyyətindəyik" və bu qəbildən bir çox "aforizm"lərin müəllifi bu gün gözlərini əbədi olaraq yumdu. Onun ölümü də, həyatı kimi fərqli oldu. Amma Ukrayna müharibəsi dövründə onun emosional çıxışlarını və davranışlarını görmək çox maraqlı olardı. Təəssüf ki,  “anam Rus, atam yuristdir” sözlərinin müəllifinə bu qismət olmadı. “Pis” və ya “yaxşı” deyə bilmərəm, amma əminəm ki, bütün mənfi və müsbət tərəfləriylə Volfoviç hələ uzun müddət xatırlanacaq. “Mən bir çoxlarından fərqli olaraq necə varamsa, o cür də görünürəm. Mənim gözəlliyim də bundadır". Vladimir Jirinovski. Sitatın sonu...” \\Pravda.az