Evinə gedib 1 saat yalvardılar, 97 yaşında işə qayıtdı - FOTOLAR
Türkiyənin Samsun şəhərində çətir təmiri ilə məşğul olan 97 yaşlı Dursun Yıldız öz adından söz etdirir.
Hurriyyet.net bildirir ki, Yıldız təxminən 70 ildir Bedesten bazarında sənətkarlıqla məşğul olur.
O, yaşına və səhhətindəki problemlərə baxmayaraq, yenidən dəzgahının arxasına keçib. Əlləri titrəsə də, çətirlərə “ikinci bahar” yaşatmağa davam edir.
Bir müddətdir xəstəliyi səbəbindən işləyə bilmədiyini deyən Dursun Yıldız peşəsi üçün darıxdığını və müştərisinin israrından sonra yenidən təmir işinə başladığını bildirib.
Yıldız deyib:
“İşlər yaxşı gedir. Allah bərəkət versin. Xəstəlik səbəbindən bir müddətdir bura gələ bilmirdim. İşim üçün darıxmışdım. Bundan sonra çətir təmir edə biləcəyəmmi, bunu mən də bilmirəm, Allah bilir. Bu gün bura gəlməyimin səbəbi qonşumun xarab çətirini evə gətirməsi oldu. Bir saat ərzində mənə “dil tökdü”. Çətiri təmir edib sahibinə vermək istəyirəm”.
Bazardakı satıcılar da Dursun Yıldızın Samsunun yeganə çətir ustası olduğunu bildirib. Onların sözlərinə görə, şəhər sakinləri çətirlərini təmir etdirmək üçün məhz Yıldızla əlaqə saxlayırlar.
Musavat.com





