Əvvəl çox idi, indi azaldı – Yeni statistika
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb. Bununla belə, ilin ilk səkkiz ayı ilə müqayisədə artım tempində ciddi azalma qeydə alınıb.
hurriyyet.net “Yeni Sabah” istinadən xəbər verir ki, hesabat dövründə ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
İstehsalın 51 faizi bitkiçilik, 49 faizi isə heyvandarlıq məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz artıb.
Qeyd edək ki, yanvar-avqust aylarında kənd təsərrüfatı məhsullarının istehsalında real artım 2,6 faiz təşkil edib. Sentyabrın sonuna bu göstərici 1,1 faizə enib.
Eyni zamanda, bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə düşüb. Heyvandarlıqda isə artım 2 faizdən 1,9 faizə geriləyib.