📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fakt onu təsdiqlədi ki, Azərbaycanın strategiyası dəqiq və düşünülmüş idi" - ELDƏNİZ ƏMİROV

2024-05-21 11:12:39

"Ümummilli lider Heydər Əliyev İrana səfəri zamanı bu məsələni gündəmə gətirmiş və bu istiqamətdə ciddi müzakirələr aparılmışdır"

"Hələ sovet dövründə SSRİ və İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı İranla uzunmüddətli saziş imzalanmışdır. Azərbaycan torpaqları işğal olunsa da, 1993-cü ildən sonrakı dövr ərzində həmin ərazidə İran tərəfindən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər aparılıb. Lakin 1994-cü ildə Ümummilli lider Heydər Əliyev İrana səfəri zamanı bu məsələni gündəmə gətirmiş və bu istiqamətdə ciddi müzakirələr aparılmışdır. Azərbaycanın bu layihələrdə gec-tez iştirak edəcəyini əminliklə qarşı tərəfə bildirilmişdir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

İqtisadçı ekspert bildirib ki, 2016-cı ildə isə Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik statnsiyasının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdı: "Hətta o zaman bu məsələ həm ölkəmizdə, həm də beynəlxalq aləmdə ciddi müzakirə edilmişdir ki, Azərbaycan öz əlində olmayan torpaqlara və qovşaqlarla bağlı necə əminliklə saziş imzalaya bilər? Amma fakt onu təsdiqlədi ki, Azərbaycanın strategiyası dəqiq və düşünülmüş idi. Bu hidroqovşaqlarının parametrlərinə gəldikdə isə “Xudafərin” suqovşağı "Qız Qalası"ndan dəfələrlə böyükdür. Belə ki, “Xudafərin” 1,6 milyard kub metr tutumuna və “Qız Qalası” isə 56,75 mln kub metr su tutumuna malikdir".

Eldəniz Əmirov əlavə edib ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt•st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az