"Fars-molla rejimi Azərbaycana qarşı şeytanla da ittifaqa girməyə hazırdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Ermənistan Azərbaycana qarşı revanşa hazırlaşır, İran da onu dəstəkləyir, ancaq anlamır ki, proseslər Tehran rejimində sistemin dəyişməsi ilə nəticələnə bilər"
"ABŞ-la Ermənistan arasında keçiriləcək hərbi təlim nədənsə, Tehran rejimini narahat etmir. Bəs, xarici güclərin regionda varlığından narahat idi. Zəngilanda camış fermasını İsrailin hərbi bazası kimi qəbul edərək, bütün at tövlələrini hərbi obyekt kimi dəyərləndirirdi. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərində Tehran rejiminə açıq mesaj vermişdi. İsraillə Azərbaycan nəinki hərbi təlim keçirib, heç ABŞ-la ölkə ərazisində belə bir təlim olmayıb". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloqun sözlərinə görə, Tehran rejimi Azərbaycanın güclənməsini əsəbi şəkildə qəbul edir, bu səbəbdən də Ermənistanın İranın düşmənləri ilə birgə hərbi təlimlərinə, müttəfiqliyinə isti baxır: "Təki, bu müttəfiqlik Azərbaycana qarşı olsun. Tehran-molla rejiminin mahiyyəti budur. Fars şovinist siyasəti Azərbaycana qarşı şeytanla da ittifaqa girməyə hazırdır. İran Ermənistanın hərbi lojistikasında əhəmiyyətli yer tutur. Hindistandan daşınan silahlar İran tərəfindən Ermənistana göndərilir. Hətta, Tehran rejimi Ermənistanın ərazisini "qırmızı xətt" elan edib. Tehran rejimi özünün qırmızı xəttinin haradan keçdiyini ayırd edə bilmir. Üstəlik, məhz Azərbaycan faktoruna görə, Ermənistanı bura daxil edir".
Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, bu gün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, şərti sərhəddə hərbi korpuslarının sayını artırır: "Azərbaycana qarşı revanşa hazırlaşır. İran da Ermənistanı dəstəkləyir. İran anlamır ki, ortada Türkiyə faktoru var və baş verən proseslər Tehran rejimində sistemin dəyişməsi ilə nəticələnə bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az