Fazil Mustafa: “Din adı ilə Azərbaycanda başqa ölkənin ideoloji təsiri həyata keçirilir”
Hicab tələbi ilə valideynlərin məktəblərə üz tutması diqqət çəkib. Aksiyalar zamanı əvvəlcədən hazırlanmış plakatlardan istifadə olunması, iştirakçıların əsasən qadınlardan ibarət olması və aqressiv davranışlar müşahidə edilməsi, eləcə də videoların İranın sosial şəbəkə hesablarında yayılması prosesin arxasında kənar təsirlərin olub-olmadığı ilə bağlı suallar yaradıb.
Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, baş verənlərin səbəblərindən biri cəmiyyətin uzun illərdir Azərbaycana qarşı yarana biləcək təhlükələrə kifayət qədər həssas yanaşmamasıdır:
"Səbəb illərdir həm sosial şəbəkələrdə, həm də yazılı materiallarımızda Azərbaycanın üzləşə biləcəyi təhlükələrlə bağlı cəmiyyətin dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, insanların bu məsələlərə duyarsız yanaşmasıdır. Din və inanc adı altında Azərbaycanda başqa ölkənin ideoloji təsiri həyata keçirilir. Azərbaycanda kifayət qədər səmimi dindarlar var. Onlar öz ölkələrinin qanunlarına tabe olur, inanclarını şəxsi həyatlarında, ailələrində və ibadət yerlərində yaşayırlar. İnancı ideologiyaya çevirmirlər. Lakin ölkədə inancını ideologiyaya çevirən və başqa ölkənin dini sisteminə tabe olan kifayət qədər böyük bir kütlə də mövcuddur. Qadınlı-kişili bu qruplar müəyyən dərəcədə təşkilatlanmış şəkildə fəaliyyət göstərir və müxtəlif formalarda təlimatlar alırlar. Onlar daha çox başqa ölkələrin dini-siyasi xadimlərini təbliğ edir, fürsət düşəndə isə öz ölkələrinə qarşı təxribatlara əl atmağa hazır olurlar. Belə bir vəziyyətdə bu cür halların baş verməsi gözləniləndir və dövlət də mövqeyini ortaya qoymalıdır".
Deputat qeyd edib ki, ola bilsin ki, səmimi dindarlar, müəllimlər, şagirdlər və ya valideynlər qəbul edilən qərardan müəyyən dərəcədə narazıdırlar. Ancaq dövlət qərarları vətəndaşları özünə qarşı çevirmək məqsədilə qəbul etmir. İlk növbədə, təhlükəsizlik amili nəzərə alınır.
"Məsələn, sərhədlərin bağlanmasından narazı qalan insanlar da var. Lakin bu qərarın təhlükəsizliklə əlaqəli olduğunu hər kəsə ətraflı izah etmək mümkün olmur. Zaman isə göstərir ki, kənardan gələn müəyyən axınların qarşısını almaq üçün bəzən məcburi tədbirlərə əl atmaq vacibdir. İqtisadiyyatda qəbul edilən qərarlar sahibkarları və ya vətəndaşları narazı sala bilər. Bank kartlarına tətbiq edilən məhdudiyyətlər, nəqliyyat və tıxac problemləri də insanlarda narazılıq yaradır. Ancaq müəyyən məsələlərin həlli üçün dövlətə qarşı müqavimət göstərmək düzgün yol deyil. Kiminsə qərarla bağlı narazılığı varsa, vətəndaş hüquqlarından istifadə edərək müvafiq dövlət qurumlarına müraciət etməsi ən məqbul yoldur. Narazılığı plakatlarla və etiraz aksiyaları vasitəsilə ifadə etmək isə düzgün yanaşma deyil. Mən məktəblərdə vətəndaşların daha çox keyfiyyətli təhsil uğrunda səfərbər olmasını gözləyərdim. Məktəblərin həqiqi təhsil ocaqlarına çevrilməsi, uşaqların daha yaxşı bilik əldə etməsi üçün tələblər irəli sürülməlidir. Bir çox məktəbdə idman zalı və lazımi şərait yoxdur. Vətəndaşlar məhz bu problemlərlə bağlı müraciətlər etməli, onların aradan qaldırılmasını tələb etməlidirlər".
Fazil Mustafa vurğulayıb ki, heç bir ölkədə, dünyəvi dövlətdə dinə xüsusi imtiyaz kimi yanaşılmamalıdır:
"Dövlət bütün dini inanclara münasibətdə bərabər məsafədə dayanmalıdır. İnsanların şəxsi həyatında hansı inanca sahib olması dövlətin müdaxilə etməli olduğu məsələ deyil. Lakin məktəb dövlətin təhsil müəssisəsidir və dövlət burada müəyyən qaydalar tətbiq edə bilər. Dövlət müəyyən geyim formalarını təhlükə hesab edirsə və ya onların məktəb qaydalarına uyğun olmadığını düşünürsə, bu məsələyə öz qanunları və prinsipləri çərçivəsində yanaşır. Hamıdan ümumi davranış və geyim qaydalarına riayət etmək tələb olunur. Bu məsələlərə yalnız inanc prizmasından, yaxud ideoloji mövqedən yanaşmaq yanlışdır. Dövlətin qanunları və qərarları var. Vətəndaşın həmin qərarlarla razılaşmamaq hüququ da mövcuddur. Ancaq narazılığın ifadə forması düzgün seçilməlidir. Konstitusiyada nəzərdə tutulan hüquqi mexanizmlərdən istifadə etməklə müvafiq dövlət qurumlarına müraciətlər və petisiyalar göndərilə bilər. Dövlət də bu müraciətləri araşdırar, zərurət yaranarsa, müvafiq dəyişikliklərin edilməsini nəzərdən keçirər. Çünki dövlətin məqsədi vətəndaşı incitmək deyil. Mənə elə gəlir ki, bu prosesin arxasında kənardan təsir ehtimalı da diqqətlə araşdırılmalıdır. Diqqət etsəniz, sanki qəfil şəkildə hazır videolar ortaya çıxdı və qarşıdurma görüntüsü yaradıldı. Müasir geyimdə olan valideynlərin uşaqlarını məktəbə gətirməsi, müəyyən izahatların verilməsi və fərqləndirici görüntülərin yaradılması dövlətə qarşı narazılığın formalaşdırılması məqsədinə xidmət edə bilər".
Parlamentarinin sözlərinə görə, insanlar hicab məsələsində sərbəstliyin tərəfdarı ola bilərlər. Ancaq İranın və Əfqanıstanın vəziyyətinə də baxmaq lazımdır:
"Orada qadınların nə qədəri bu cür yaşamağı könüllü seçərdi? Məcburiyyət tətbiq edilməməlidir. İslamda zorakılıq yoxdur. Zorakılığı öz ölkəsində tətbiq etməyənlərin onu başqa ölkəyə gətirməyə çalışması da yolverilməzdir. Hamımız dindar deyilik, hamımız ibadət etmirik. Bununla yanaşı, biz dünyəvi dövlətin vətəndaşlarıyıq və dövlətin qanunlarına hörmət etməliyik. Bu məsələlərdə ideoloji çalarlar axtarmaq və dini başqa ölkənin təzyiq mexanizminə çevirmək cəhdlərinə yol vermək olmaz. Düşünürəm ki, bu cür addımlar atan insanlar öz məsuliyyətlərini dərk etməlidirlər. Narazılıqlarını sivil qaydada, yazılı müraciətlər, petisiyalar və digər qanuni vasitələrlə ifadə etməlidirlər. Bu, ən məqbul və optimal yoldur".
Günəş Mərd