Fəlakətlərin bitmədiyi ölkədən daha bir PİS XƏBƏR
Təbii fəlakətlərin ard-arda baş verdiyi Nepalda güclü sel ciddi fəsadlara səbəb olub. Ölkənin Qorkha bölgəsində Budhi Qandaki çayının daşması nəticəsində ən azı 5 nəfər itkin düşüb. Sel sularına davam gətirməsi üçün xüsusi olaraq inşa edilən polad körpü isə saniyələr ərzində dağılıb.
Hurriyyet.net xəbər verir ki, həddindən artıq yağıntılardan sonra çayın səviyyəsi kəskin yüksəlib və güclü axın ətraf əraziləri basıb. Selə davamlı olması üçün tikilən polad körpü də coşqun sulara tab gətirməyərək dağılıb.
Hadisə ətrafdakı sakinlər tərəfindən lentə alınıb. Kadrlarda nəhəng metal konstruksiyanın güclü axına qapılaraq sürükləndiyi görünür.
Rəsmilər sel sularına düşərək itkin düşənlərin sayının azı 5 nəfər olduğunu bildiriblər. Çay ətrafında yaşayan sakinlərə isə təcili təxliyə xəbərdarlığı edilib.
Nepalın Baş naziri Balendra Şah sosial şəbəkədəki açıqlamasında təhlükəsizlik qüvvələrinin həyəcan vəziyyətinə gətirildiyini bildirib. Onun sözlərinə görə, təhlükəli su axınlarının təsirinə məruz qalan 80-dən çox insan xilas edilib.
Son sel fəlakəti Nepalda infrastrukturun təhlükəsizliyi və iqlim dəyişikliklərinin təsirləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Məqalədə bildirilir ki, ötən ay buzlaqın çökməsi nəticəsində baş verən uçqundan sonra ölkədə yeni fəlakətin yaşanması vəziyyəti daha da ağırlaşdırıb.