"Fələstin məsələsi Ukrayna mövzusunu arxa plana keçirdi" - ŞAHİN CƏFƏRLİ
"Şoyqu və Gerasimov Putinə Çin səfəri öncəsi hədiyyə vermək istəyirdilər ki, o, Pekində daha inamlı görünsün, Ukrayna mövzusunda isə diktə edən tərəf qismində çıxış etsin, lakin baş tutmadı"
"Fələstin məsələsi Ukrayna mövzusunu arxa plana keçirdi, amma oradakı müharibənin miqyası Qəzza ilə müqayisə olunmayacaq qədər böyükdür. On gün əvvəl Rusiya ordusu Donetsk şəhəri ətrafında Ukrayna ordusunun 2014-cü ildən bəri əlində saxladığı Avdeyevka şəhərinə böyük bir hücuma başlayıb. Məqsəd mühasirə taktikası üzrə şəhəri ələ keçirmək və Ukrayna ordusunu Donetsk aqlomerasiyasından uzaqlaşdırmaqdır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
Siyasi şərhçi hesab edir ki, əməliyyatın Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri ərəfəsinə salınması təsadüf deyildi: "Böyük ehtimalla, Şoyqu və Gerasimov rəhbərə bu mühüm ziyarət öncəsi hədiyyə vermək istəyirdilər ki, Putin Pekində daha inamlı görünsün, Ukrayna mövzusunda isə diktə edən tərəf qismində çıxış etsin. Lakin baş tutmadı, Rusiya ordusu Avdeyevka ətrafında canlı qüvvə və hərbi texnika baxımından çox böyük itkilərə məruz qaldı. Bu hücumların nəticələri barədə internetdə, "Telegram" kanallarında xeyli video var, yəqin görmüsünüz. Hücum əməliyyatı ilk günlərlə müqayisədə hazırda bir qədər səngisə də, hələ yekunlaşmayıb. Zaporojye cəbhəsində isə Ukrayna ordusunun hücum əməliyyatı davam edir. Robotino möhkəmləndirilmiş məntəqəsini nəzarətə götürdükdən sonra ukraynalılar Novoprokopovka-Verbovoye xəttində (Tokmak istiqaməti) irəliləyişə nail olsalar da, ərazidəki 2 yüksəkliyin (160-cı və 170-ci) düşmənin nəzarətində olması səbəbindən hələlik orada ilişib qalıblar".
Şahin Cəfərli qeyd edib ki, iki gün öncə Ukrayna dəniz piyadaları Dnepri keçərək sol sahildə - Xersonun cənubunda əmliyyatlara başlayıblar və irəliləməyə müvəffəq olublar: "Bura Krıma yaxınlıq səbəbi ilə çox perspektivli istiqamətdir və Zaporojyedən fərqli olaraq, Rusiya orada eşelonlaşdırılmış müdafiə xətti qurmayıb. Lakin dərinliklərə irəliləmək üçün xeyli sayda canlı qüvvəni və təchizatı qarşı sahilə keçirib, geniş, etibarlı platsdarm yaratmağa ehtiyac var. Ukrayna tərəfinin buna nail olub-olmayacağı və ümumən o istiqamətdəki əməliyyat planında qarşıya qoyulan tapşırıqlar hələ məlum deyil. Bildiyiniz kimi, oktyabrın 17-nə keçən gecə Ukrayna ordusu ilk dəfə olaraq ATACMS taktiki ballistik raketlərindən istifadə edərək işğal olunmuş Berdyansk və Luqansk şəhərlərindəki Rusiya aviabazalarına zərbələr endirib. Peyk fotoları da daxil olmaqla, açıq mənbələr üzrə (OSİNT) araşdırma aparan analitiklər Rusiyanın hərbi texnika itkilərini dəqiqləşdiriblər: Berdyansk hava limanında 5 ədəd Ka-52 və 4 ədəd Mi-8 helikopteri məhv edilib, 4 ədəd Mi-8 zədələnib. Luqansk hava limanında isə 5 ədəd helikopter ya məhv edilib, ya da zədə alıb. Canlı qüvvə və digər aviasiya texnikası itkiləri də var. Rus "Telegram" kanallarının paylaşımları da bu məlumatları təsdiqləyir. Kifayət qədər ciddi itkilərdir. Cəbhə xəttində isə son 10 gündə Rusiyanın 5 ədəd "Su-25" hücum təyyarəsi vurulub. Rusiya komandanlığının bu təyyarələrdən belə riskli şəkildə istifadəyə vadar olması artilleriya sahəsindəki çatışmazlığa işarədir. Xüsusən əks-batareya döyüşündə Ukrayna tərəfinin çox effektiv işlədiyini rusiyalı hərbi blogerlər də etiraf edir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az