FHN qalmqalının ardından Tural Abbaslıdan TƏKLİF: - "İş yerlərində divarlar yarımşəffaf şüşələrlə əvəzlənsin"
"FHN-dəki baş verən əxlaqsızlıqdan sonra belə hadisələrin qarşısının alınması metodlardan biri iş yerlərində divarların əvəzinə yarımşəffaf şüşəli arakəsmələrlə kəsilə bilər".
Hurriyyet.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı FHN-də işləyən polkovnikin bir neçə qadınla yayılan məlum intim görüntülərindən danışarkən deyib.
Partiya sədri buna yarımşəffaf şüşədən otaqdakı fəaliyyətin görünməsi ilə izah edib:
"Təklif etdiyim praktika dünya ölkələrində var. Azərbaycanda bir çox yerlərdə bu cür iş yerləri var. Mən bu hadisəni ancaq məişət zəminində olan əxlaqsızlıq hadisəsi kimi qiymətləndirmirəm. Burada daha dərin məqamlar var, bu araşdırılmalıdır. Qeyd edim ki, sözügedən məsələdə təhlükəsizlik amilləri də var. Dövlət təhlükəsizliyi ilə bağlı olan məsələlərdə şəxsən mənim özümdə də kifayət qədər şübhələr var. Bu baxımdan məsələnin yalnız kimlərinsə şəxsi, etik və əxlaqi dəyərlər kontekstində analiz edilməsinin təmamilə tərəfdarı deyiləm".
Tural Abbaslı hesab edir ki, baş verən hadisədə xarici dövlətlərin xüsusi xidmət orqanlarının barmağı ola bilər:
"İnsanın özünün əxlaqsızlıq videosunu çəkməsi özü ilə şübhələr yaradır. İnsan cinayət və əxlaqsızlığını niyə lentə alsın? Özü də müxtəlif qadınlarla? Mexanizm var. Məsələn xarici kəşfiyyat orqanlarına bu cür işlərlə cəlb etmə mexanizmlərindən də biri də məhz budur. Yən şantaj üsulu ilə cəlb etməkdən söhbət gedir. Bu araşdırılmalıdır. Məndə olan məlumata görə, artıq həmin şəxs saxlanılıb və yəqin ki, məsələni Dövlət Təhlükəsizliyi Xidməti həll edər, deyilən məqamlar araşdırılar".
Başqan bir iş yerindəki hadisəyə görə oradakı bütün qadınların əxlaqının şübhə altına düşməməli olduğunu da vurğulayıb:
"Ümumiyyətlə, iş yerlərində etik və əxlaqi normativlərin tətbiq olunması məsələsi var ki, illərdir bu haqda danışılır. Hər bir millətin öz milli dəyərləri var. Biz nə qədər də dünyaya açılsaq, inkişaf etsək də öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq və milli kimliyimizdən gələn adətlərimizi tətbiq etməliyik.
İş yerinə qəbul zamanı etik müsahibələr verilməlidir. Həmin şəxslərin keyfiyyətləri dəyərləndirilməlidir. Dövlətin strateji yerlərinə işə qəbul zamanı adamlıq hissi olanlar ayırd edilməli, vəzifəyə elələri seçilməlidir. Məhz belə halların baş verməməsi üçün edilməlidir. Bu bir daha onu göstərdi ki, cəmiyyətdə ancaq iqtisaqdiyyatdan, siyasətdən yox, həm də insanlara mili-mənəvi dəyərlər çərçivəsində təbliğatlar aparılmalıdır. Bu istiqamətdə dövlətin strateji xətti olmalıdır. Cəmiyyət özünü qorumalıdır, dövlət də dəstək olmalıdır. Belə olmayacağı təqdirdə təəssüf ki, bu xəbər hələ ki, "qaranquş" ola bilər. Daha böyük biabırçılıqların olacağı da istisna deyil".