FHN Qubada texniki təhlükəsizliklə bağlı müşavirə keçirib
Qubada “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
Hurriyyet.net Şimal bürosunun məlumatına görə, tədbir Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə sənaye və dağ-mədən sahələrində texniki təhlükəsizliyin təmin olunması, müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və istehsalat qəzalarının qarşısının alınması məsələləri müzakirə edilib.
Agentliyin rəis müavini Asif Məmmədov, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov və digər çıxış edənlər texniki təhlükəsizlik sahəsində fəaliyyətin təkmilləşdirilməsinin əhəmiyyətindən danışıblar.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə texniki təhlükəsizlik xidmətlərinin inkişafı, beynəlxalq təcrübənin tətbiqi və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi barədə çıxış edib.
Tədbirdə, həmçinin sənayedə təhlükəsizliyin sistemli şəkildə araşdırılması, texniki-normativ sənədlərin tətbiqi və istehsalatda bədbəxt hadisələrin qarşısını almağa yönələn qabaqlayıcı tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.