📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verdi - Fotolar

2026-10-28 12:51:31

Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verdi - Fotolar

Xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib.

Hurriyyet.net  xəbər verir ki, ilk olaraq Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində Fidan Hacıyevanın buradakı gənclərlə görüşü təşkil edilib. 

Növbəti gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Xalq artistinin yaradıcılıq görüşü və ustad dərsi keçirilib.

Əvvəlcə Naxçıvan Bəstəkarlar Təşkilatında baş tutan görüşdə təşkilatın sədri, Əməkdar incəsənət xadimi Nazim Quliyev Fidan Hacıyevanın zəngin yaradıcılıq yolu, milli və dünya opera sənətinə verdiyi töhfələr haqqında məlumat verib. Sonra Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva kollecin vokal ixtisası üzrə təhsil alan tələbələrinin tədris prosesi, akademik göstəriciləri və yaradıcılıq potensialı barədə qısa məlumat verərək ustad dərsinə start verib.

Tələbələrin böyük marağına səbəb olan ustad dərsində Naxçıvan Musiqi Kollecinin vokal ixtisası üzrə təhsil alan tələbələri Kamil Hüseynli, Çetin Kadir, Aylin Rüstəmova, Hüseyn İmamverdiyev, Abbas Rzayev, Emil Şirzadov, eləcə də Naxçıvan Dövlət Universitetinin tələbəsi Ülvi Məmmədovun ifaları dinlənilib. Fidan Hacıyeva ustad dərsində iştirak edən tələbələrə öz adından beynəlxalq sertifikatlar təqdim edib. 

Sonda Naxçıvan Heydər Əliyev Sarayında “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.

Konsert Üzeyir Hacıbəylinin məşhur “Sevgili canan” əsəri ilə başlayıb. Əsəri Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri müşayiət edib. Tamaşaçılar Xalq artistinin ifasında səslənən klassik və müasir mahnıları alqışlarla qarşılayıblar. Konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan” əsərinin bütün solistlərin və xor kollektivinin birgə ifasında təqdim olunması ilə yekunlaşıb.