"Filantrop" Soros Bayden və demokratlara xərclədiyi 125 milyon dollar...
ABŞ-ın hazırkı prezidenti Co Baydenin reytinqi, eləcə də əhalinin Demokratlar partiyasına inamı durmadan aşağı düşür. Milyarder Corc Soros himayədarlarını problemləri ilə baş-başa buraxmaq fikrində deyil.
Belə ki, onun vəsaiti ilə 2019-cu ildə yaradılan Demokratiya PAC ("Demokratiya" Parlament Fəaliyyət Komitəsi) noyabrda keçiriləcək 2022-ci il aralıq seçkilərində Demokrat Partiyasını dəstəkləmək və irəliləmək üçün daha bir tranş alacaq.
Bayden administrasiyasının rekord inflyasiyaya, artan cinayətə və miqrasiya böhranına səbəb olan uğursuz daxili siyasətinə görə, bir çox analitiklər Konqresin aşağı palatasında demokratların uduzacağını və nəticədə, respublikaçıların 2024-cü il prezident seçkilərində təsirinin güclənəcəyini proqnozlaşdırırlar.
Corc Soros tərəfindən yaradılan Demokratiya PAC-ın əsas funksiyası 2020-ci il seçkilərində demokratlara kömək etmək və prezidentlik yarışında Co Baydeni təbliğ etmək idi. Daha sonra "Politico" portalının verdiyi xəbərə görə məlum olub ki, Sorosun demokratlara dəstək üçün ayırdığı məbləğ təkcə 2020-ci ilin ilk üç ayında 28 milyon dollar təşkil edib.
Bu pul feminist qrupları-abort tərəfdarı "EMILY's List" üçün 1 milyon dollar və "Black Lives Matter" fəalı Alisiya Qarza tərəfindən təsis edilən "Supermajority"'yə 2 milyon dollar, 10 milyon dollar isə "rəngli irqdən olan insanları və digər seçiciləri səfərbər etmək" üçün "Win Justice PAC" layihəsini təşviq etmək üçün getdi.
“Meydanda əməliyyat aparan bir neçə təşkilat da altı və yeddi rəqəmli ianə aldı. 2021-ci ildə Virciniya qubernatorluğu seçkilərində öz mövqeyini gücləndirmək üçün qaradərili seçicilərin cəlb olunduğu BlackPAC qrupuna 250.000 dollar ödənilib və 1 milyon dollar VoteTripling.org-a köçürülüb,” deyə "Politico" Sorosun pul axınları haqqında faktlar təqdim edib.
Demokratlar partiyasının seçici sayının artması əsasən rəngarəng və liberal düşüncəli vətəndaşların, o cümlədən “mütərəqqi dəyərlərin” tərəfdarları-feminizm, LGBT və BLM ilə bağlıdır.
“Respublikaçılar partiyasının təməlində duran Amerikanın ağdərili əksəriyyəti azalan, qocalan cəmiyyətdir. Demokratlar partiyasının seçiciləri gənclər, miqrantlar və rəngli insanlardır”, deyə "The American Conservative" jurnalının baş redaktoru Patrik Byuken “Gələcək sola aiddirmi?” məqaləsində qeyd edir.
"Fox News"a görə ümumilikdə, Corc Soros 2020-ci ildə liberal ideyaların təbliği, Demokratlar Partiyasının və digər solçu layihələrin maliyyələşdirilməsinə 80 milyon ABŞ dolları xərcləyib. "Fox News" Sorosun qarşıdan gələn 2022-ci ildə maliyyələşdirməni 125 milyon dollara çatdırmağı planlaşdırdığını yazır.
Milyarder özü bunu “uzunmüddətli investisiya” adlandırır və “partiyasından asılı olmayaraq bütün demokratik namizədləri dəstəkləyəcəyini” iddia edir.
Sorosun 28 yanvar 2022-ci il tarixində "Politico"da yayımlanan bəyanatında deyilir ki, planlanan maliyyə "Amerika demokratiyasının infrastrukturunun gücləndirilməsi, səsvermə hüquqları və vətəndaş iştirakı, vətəndaş hüquq və azadlıqları və qanunun aliliyi" üçün sərf olunacaq.
91 yaşlı milyarder üçün bu layihə nə qədər önəmlidir ki, deyilənə görə o, öz oğlu və varisi Aleksandrı "Demokratiya PAC"a başçı təyin edib. Otuz altı yaşlı Aleksandr Soros vəzifəsini belə şərh edib: “Amerika demokratiyasına təhlükənin miqyasını ortaya qoyan seçki prosesini nüfuzdan salmaq və sarsıtmaq cəhdlərinə qarşı durmaq lazımdır”.
Britaniyanın "Daily Mail" nəşrinə görə, Corc Sorosun hərəkətləri mühafizəkar amerikalılar tərəfindən "qəzəb püskürməsinə" gətirib çıxarmalıdır.
Ülviyyə, Hurriyyet.az