"“Filizçay”ın 6-7 ölkəyə satılmasının qarşısını Heydər Əliyev almışdı..." – Novella Cəfəroğludan SENSASİON AÇIQLAMA
Azərbaycanın dağ-mədən sənayesində strateji əhəmiyyət daşıyan layihələrdən biri olan Balakən rayonundakı “Filizçay” polimetal yatağı yenidən gündəmə gəlib.
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə “Filizçay” yatağının istismara hazırlanması ilə bağlı işlərin bir neçə ildir davam etdiyini bildirib. Dövlət başçısı yatağın Avropa qitəsində ən perspektivli yataqlardan biri olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, “Filizçay” üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və yekun investisiya qərarının qəbul edilməsi gözlənilir. Rəsmi məlumata görə, yatağın tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. 34 illik istismar dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi nəzərdə tutulur. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya isə təxminən 1 milyard manatdır.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a danışıb. O, “Filizçay” yatağının Azərbaycanın gələcəyi baxımından böyük əhəmiyyət daşıdığını bildirib və yatağın tarixçəsi ilə bağlı maraqlı məlumatlar verib: “Çox şad oldum ki, Prezident bütün bu yataqlar haqqında danışdı. Azərbaycanda doğrudan da çox böyük yeraltı sərvətlər var. Bu yataqların tərkibindəki metallar bu gün dünyada çox lazımlıdır. Məsələn, Çin nadir metallar hesabına böyük gəlirlər əldə edir. “Filizçay” yatağında da nadir metallar mövcuddur.
Biz “Filizçay”ın bünövrəsini qoymuşduq. Belə ki, Sovet dövründə mən orada 10 il işləmişəm. Yoldaşım Vilen Apelbaum da orada baş mühəndis olub, mən isə laboratoriya müdiri işləmişəm. Bir yerdə çalışmışıq.
“Filizçay” doğrudan da çox böyük yataqdır. Vaxtilə bir neçə dövlət bu yatağa maraq göstərirdi. Təxminən 6-7 dövlət onu almaq istəyirdi. Onlar əsasən mis-molibdenlə maraqlanırdılar. Amma yataqda mis və molibdenlə yanaşı, qızıl və gümüşün də olduğu məlum oldu. Daha sonra isə başqa metalların da mövcudluğu barədə məlumat əldə edildi.

Bunu öyrənəndən sonra rəhmətlik yoldaşım və Geologiya Ekspedisiyasının rəhbərliyindən olan şəxslər Heydər Əliyevin yanına getdilər. Dedilər ki, mis-molibdenlə yanaşı, burada qızıl və gümüş də var. Həmin metalların içərisində dünyada çox qiymətli olan nadir metallar da mövcuddur. Bu məlumat Heydər Əliyevə çatdırıldıqdan sonra o, Moskva ilə danışdı və “Filizçay”ın investorlara satılmasının qarşısı alındı. Yəni yataq o zaman qorundu.
O vaxt yoldaşım deyirdi ki, həmin metalları çıxarmaq üçün lazımi texnologiya bizdə yoxdur. Sovet dövründə onların çıxarılması üsulları kifayət qədər inkişaf etməmişdi. Amma deyirdi ki, vaxt gələcək, bu nadir metalları çıxarmaq üçün texnologiya yaranacaq və onda həmin yataqlara investor cəlb etmək mümkün olacaq.
Bu baxımdan mən hesab edirəm ki, bu gün “Filizçay”ın istismarı zamanı ən vacib məsələlərdən biri təbiətin qorunması olmalıdır. Dağı sökməkdənsə, dağın içindən daxil olaraq yatağın işlənməsi daha məqsədəuyğun olar.
Hələ o vaxt təbiətin qorunması üçün belə bir üsul tətbiq edilmişdi. Yoldaşım baş mühəndis idi və dağın içindən yatağın daxilinə keçərək orada skvajinalar qoydu. “Yönəldilmiş qazma” adlandırılan üsuldan istifadə etməklə yatağın nə qədər böyük olduğunu müəyyənləşdirməyə çalışdılar. Bununla da dağın üst hissəsinin dağıdılmasının qarşısı alınırdı.
Bu gün də hesab edirəm ki, yataq istismar edilərkən dağ dağıdılmamalıdır. Dağın içindən daxil olmaqla, orada müəyyən mağaralar və tunellər yaratmaq, yataqdakı metalları həmin üsulla çıxarmaq mümkündür.
Bu metallar yaşıl enerji üçün də, kosmik texnologiyalar üçün də, elektronika üçün də çox vacibdir. Nadir metallar bu gün xüsusilə elektronika və çip istehsalında istifadə olunur. Elektromobillərin istehsalında da belə metallara ehtiyac var.
Çində bu metalların çıxarılması və emalı ilə bağlı böyük təcrübə var. Azərbaycan həmin təcrübədən istifadə edə bilər. Hətta əvvəlcə zavod tikib, həmin metalların emalını təşkil etmək, daha sonra investorları cəlb etmək mümkündür. Özümüz həmin metalları çıxarsaq, bizim üçün daha sərfəli və əlverişli olar. Çünki onların qiyməti çox yüksəkdir.
Lantanoidlər də çox qiymətli metallardır. Bu gün bütün dünya bu məsələyə böyük diqqət göstərir. Mən hesab edirəm ki, Azərbaycan da öz yataqlarının imkanlarını daha dərindən araşdırmalıdır. Bu sahədə yaxşı mütəxəssisləri də prosesə cəlb etmək lazımdır. Məsələn, Ağamahmud Səmədov bu sahəni yaxşı bilən mütəxəssislərdəndir. O, “Filizçay”ın baş geoloqu olub. Yoldaşımın böyük oğlu Lev Apelbaum da geofizikdir. O, beynəlxalq səviyyədə tanınan alimdir, akademiyanın üzvüdür, professordur. Azərbaycan üçün də mühüm kitablar yazıb. Onu da mütəxəssis kimi bu işlərə cəlb etmək olar. Mənim oğlum olduğu üçün demirəm, sadəcə çox böyük mütəxəssisdir. Hesab edirəm ki, orada çox şey ortaya çıxa bilər".
Novella Cəfəroğlu "Filizçay" kimi yataqların digər ərazilərdə də mövcud olmasının mümkünlüyündən də söz açıb: "Məsələn, Kəlbəcərdə də geoloji araşdırmalar genişləndirilməlidir. Geoloqları oraya göndərmək, yataqları daha ətraflı öyrənmək lazımdır. Çünki qızıl yataqları olan ərazilərdə başqa qiymətli metalların da mövcudluğu mümkündür. Çox vaxt qızıl gümüşlə və digər metallarla birlikdə olur.
Heydər Əliyev olmasaydı, mənim fikrimcə, bu yataq vaxtilə çoxdan ucuz qiymətə xarici investorlara verilə bilərdi. Amma o zaman yatağın əhəmiyyətini nəzərə alaraq onun qorunması təmin edildi.
Azərbaycanın gələcəyi bu metallarla da bağlıdır. Onların iqtisadi əhəmiyyəti gələcəkdə neft və qaz qədər, hətta daha yüksək ola bilər. Neft və qaz bir istiqamətdir, bu metallar isə tamam başqa istiqamətdir.
Azərbaycan bu resurslardan düzgün istifadə edə bilsə, ölkənin iqtisadi imkanları ciddi şəkildə arta bilər. Mən hətta düşünürəm ki, Azərbaycanın iqtisadiyyatı birə beş yox, birə on arta bilər”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 23 sentyabr 2026-cı il tarixli sərəncamı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Proqram çərçivəsində “Filizçay” yatağında mis, sink və qurğuşunun hasilatı və tamhəcmli emalı nəzərdə tutulur.