📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Filizdən milyardlara: Azərbaycanın iqtisadi xəritəsi yenidən çəkilir

2026-09-23 18:11:14

Filizdən milyardlara: Azərbaycanın iqtisadi xəritəsi yenidən çəkilir

Prezident İlham Əliyevin sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın qeyri-neft sektorunda qarşıdakı illərin əsas iqtisadi prioritetlərindən birini ortaya qoyub. Dövlət Proqramının əsas məqsədi təkcə yeni yataqların istismara verilməsi deyil, Azərbaycanın təbii sərvətlərinin ölkə daxilində emal edilməsi, yüksək əlavə dəyər yaradan istehsal zəncirinin qurulması və bu sahənin ixrac imkanlarının genişləndirilməsidir.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda qızıl, mis, dəmir və digər filiz yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi, “Filizçay”, “Daşkəsən”, “Söyüdlü” və “Ortakənd” layihələrinin inkişaf etdirilməsi, eləcə də alüminium istehsalının artırılması yeni sənaye xəttinin əsas istiqamətlərindəndir. Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin və ixrac potensialının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dövlət başçısı xammalın sadəcə ixrac edilməsini deyil, onun emalının və daha yüksək əlavə dəyərin Azərbaycanda formalaşdırılmasını əsas hədəf kimi müəyyənləşdirib. Bu yanaşma dağ-mədən sektorunu yalnız hasilat sahəsi deyil, yeni sənaye və məşğulluq imkanları yaradan iqtisadi istiqamətə çevirməyi nəzərdə tutur. Bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın regionlarının iqtisadi potensialının və qeyri-neft sektorunun inkişafında hansı dəyişiklikləri yarada bilər?

“Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı müəyyən etdiyi yeni hədəflər, əslində, bir iqtisadi fəlsəfəni ortaya qoyur: sərvəti torpaqdan çıxarmaq kifayət deyil, əsas məsələ həmin sərvətin dəyərini Azərbaycanda artırmaqdır. Yəni söhbət daha çox filiz çıxarmaqdan yox, daha çox emal etməkdən, hazır və yarımhazır məhsul istehsalından, yeni sənaye zənciri yaratmaqdan gedir”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Parlamentari hesab edir ki, yeni Dövlət Proqramının ən mühüm tərəfi də məhz budur: “Azərbaycan neft-qaz sektorunda uzun illər ərzində böyük təcrübə, infrastruktur və iqtisadi imkanlar formalaşdırıb. İndi qarşıda duran vəzifələrdən biri bu imkanların qeyri-neft sənayesinin yeni dayaqlarının yaradılmasına yönəldilməsidir. Burada Qarabağ və Şərqi Zəngəzurun iqtisadi xəritəyə qayıtması ayrıca əhəmiyyət daşıyır. İşğal dövründə Azərbaycanın nəzarətindən kənarda qalmış təbii sərvətlər artıq ölkəmizin iqtisadi inkişafına xidmət edəcək. Yeni yataqların işlənməsi yalnız mədənlərin açılması demək deyil. Bunun arxasında yollar, enerji infrastrukturu, logistika, emal müəssisələri, xidmət sektoru və ən əsası, yeni iş yerləri dayanır. Başqa sözlə, bir yatağın istismara verilməsi onun yerləşdiyi ərazidə bütöv iqtisadi ekosistem yarada bilər”.

V.İskəndərovun sözlərinə görə, “Filizçay”, “Daşkəsən”, “Söyüdlü”, “Ortakənd” kimi layihələrin miqyası göstərir ki, söhbət ayrı-ayrı müəssisələrdən deyil, yeni sənaye xəttinin formalaşdırılmasından gedir: “2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəfi də bu siyasətin miqyasını göstərir. Mən burada başqa bir vacib məqamı da görürəm. Azərbaycan tədricən yalnız öz xammalını emal edən deyil, gələcəkdə regionun metallurgiya və emal mərkəzlərindən birinə çevrilmək imkanı əldə edir. Mərkəzi Asiyanın böyük mineral ehtiyatları, Azərbaycanın nəqliyyat-logistika imkanları və formalaşacaq yeni istehsal gücləri birlikdə tamamilə yeni iqtisadi perspektiv yaradır. Bu isə qeyri-neft ixracının strukturunu da dəyişə bilər. Məqsəd tonlarla xammal satmaq deyil, həmin xammalın hər tonundan daha çox gəlir əldə etməkdir. İqtisadiyyat üçün əsas fərq də buradadır. Dövlət Proqramının uğurlu icrası regionlarda məşğulluğun artmasına, yeni sahibkarlıq subyektlərinin yaranmasına, texniki ixtisaslara tələbatın yüksəlməsinə və xarici investisiyaların cəlbinə əlavə imkan yaradacaq. Dağ-mədən sənayesi özü ilə metallurgiyanı, logistikanı, energetikanı, mühəndisliyi, xidmət və emal sektorunu da hərəkətə gətirən sahədir. Azərbaycanın qarşısında indi yeni mərhələ açılır, təbii sərvəti sadəcə hasil etmək yox, onu sənayeyə, ixraca, iş yerinə və yüksək əlavə dəyərə çevirmək. Yeni Dövlət Proqramının əsas iqtisadi mənasını da məhz burada görmək lazımdır”.