📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Focus”: Çinin firavanlığa can atması ABŞ-ı qorxudur, çünki dünyanı dəyişə bilər…

2021-09-11 16:38:00

“Focus”: Çinin firavanlığa can atması ABŞ-ı qorxudur, çünki dünyanı dəyişə bilər…

 “Çin iqtisadi göstəricilərinə görə yaxın gələcəkdə ABŞ-ı üstələmək potensialına malikdir. Çin xalqı eyni rifah səviyyəsinə çatmaq istəyir, amma Amerika bunu özünün “müstəsna xüsusiyyətlərinə” hücum kimi görür və bəlkə də əbəs yerə deyil: ABŞ-ın qorxuları və Çinin istəkləri gerçəkləşərsə, dünya dəyişəcək - Amerika hökmranlığı sona çatacaq və Çinin çiçəklənməsi dövrü başlayacaq”.

Hurriyyet.az xəbər verir ki, bu fikirlər Almaniyanın “Focus” jurnalının siyasi şərhçisi Qabor Ştaynqarta məxsusdur.

“Əvvəllər ABŞ və Çin arasındakı münasibətlərdə kimin kim olduğu aydın idi, amma indi vəziyyət kökündən dəyişib. Amerikanın qorxuları və Çinin istəkləri gerçəkləşərsə, dünya fərqli olacaq”, - deyə siyasi şərhçi vurğulayıb.

“Amerikalıların qorxusu və çinlilərin istəkləri bir medalın iki üzüdür” deyir alman jurnalist. Avstraliyanın keçmiş baş naziri Pol Kitinqin bu yaxınlarda dediyi kimi, “Çinin problemi böyük bir xalqın öz simasında ABŞ-ı iqtisadi cəhətdən üstələmək potensialına sahib olmasıdır: Amerikanın elan etdiyi zəfərlər qarşısında bağışlanmaz günahdır”. Kitinq onu da əlavə edib ki, bu miqyasda Çinin varlığı özünü “müstəsna” hesab edən Amerika millətinin düşüncə tərzinə hücumdur.

Çinin “The Global Times” qəzetinin baş redaktoru Hu Sitzin bu açıqlamaları Çinin yolunu davam etdirməsi üçün stimul olaraq görür. O, soydaşlarını ABŞ-ın məhdudlaşdırma siyasətinə qarşı çıxmağa çağırır. Onun sözlərinə görə, Çin ÜDM göstəricilərində ABŞ-ı üstələyəcək və heç kim Çin xalqının dünyanın aparıcı iqtisadi qüdrəti olmasına mane ola bilməyəcək.

Məqalə müəllifinin fikrincə, bir şey aydındır: ABŞ-ın qorxuları və Çinin istəkləri gerçəkləşərsə, fərqli, yeni bir dünya olacaq. 1980-ci ildə dünya belə görünürdü: Çinin milli gəliri ABŞ-ın o vaxt istehsal etdiyi məhsulun 10 % -ni təşkil edirdi və buna görə də o zaman kimin kim olduğu məlum idi.

2020-ci ilə qədər dünya müəyyən dəyişikliklərə məruz qaldı: keçən il Çin Amerika səviyyəsinin 70 % -i qədər iqtisadi məhsuldarlığa nail ola bildi. İki ölkə arasında gərginlik artıb. Tramp getdi, amma “hər şeydən öncə Amerika” siyasəti qaldı. Ştaynqartın vurğuladığı kimi, yuxarıda adı çəkilən avstraliyalı və çinlinin istənilən Çin vətəndaşının orta statistik amerikalıların rifahına çatmaq yönündə təbii ambisiyaları kimi qələmə verdikləri böyük istək yeni bir dünya formalaşdıra bilər. Onun sözlərinə görə, bu, Amerika hökmranlığının bitəcəyi və Çin əsrinin başlanğıcının qoyulacağı bir dünya olacaq.

Xüsusilə həssas etik və siyasi mövzular artıq müəyyən edilib. Çinin nisbi yoxsulluğu həqiqətən 21-ci əsrdə Qərb təhlükəsizlik arxitekturasının əsas sütunlarından biridirmi? Alman jurnalist Ağ evin buna inandığını söyləyir. Və əgər bu sualın cavabı həqiqətən də müsbətdirsə, Qərb uzun müddət adi çinlilərin öz əhalisi üçün tələb etdiyi rifah səviyyəsini inkar edə bilərmi? Qabor Ştaynqart “Focus” jurnalında bu suallara cavab vermir, amma məşhur alman jurnalistin bu barədə nə düşündüyünü təxmin etmək çətin deyil.