“Fransa cəmiyyəti ilə işləməkdə fayda var” — Deputat
“Fransa prezidenti Makronun "Frans-2" telekanalına verdiyi müsahibədə Azərbaycana qarşı ittihamların səsləndirilməsi ermənilərə olan sevgidən irəli gəlir. Fransanın bu mövqeyi vasitəçilikdən uzaqdır və ədalətsizliyə söykənmişdir. İndi də Azərbaycana qarşı sanksiyaların tətbiq edəcəyi ilə bağlı xəbərlər də eşidilir. Təbii ki, Azərbaycan dövlət və parlament səviyyəsində Fransaya öz etirazını bildirdi. Amma hesab edirəm ki, rəsmi etirazımızı bildirməklə kifayətlənməməliyik”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat əlavə edib ki, bu məsələdə həm də Fransa cəmiyyəti ilə işləməkdə fayda var:
“Hesab edirəm ki, biz həm də Fransa cəmiyyəti ilə işləməliyik və dövlətin düşmənçilik siyasəti, həm də ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri, vandalizmləri ilə bağlı davamlı şəkildə məlumatlandırmalıyıq. Bununla yanaşı Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə yaşayış məntəqələrimizin düşünülmüş şəkildə dağıdılması ilə bağlı törətdikləri cinayətlərinə görə təzminat alınması üçün beynəlxalq məhkəmələrə müraciət etməliyik. Hesab edirəm ki, informasiya müharibəsində apardığımız siyasəti heç vaxt səngitmək olmaz. Əksinə, daha da gücləndirilməli və Avropanın müxtəlif şəhərlərində etiraz aksiyalarımızı təşkil etməliyik. Elə etməliyik ki, Ermənistana dayaq dayanmış Fransa və digər ölkələri Azərbaycana qarşı ikili standartlardan əl çəkməsinə məcbur etməliyik”.
Aynurə