Fransa da İranla Rusiya kimi Zəngəzurda konsulluq açmaq istəyir
“Bu, Turan layihəsidir – Bosfordan Xəzərədək ərazilərdə yaşayan türklər birləşmək istəyirlər”
Hurriyyet.az xəbər verir ki, “Armenpress” nəşrinin yazdığına görə, Fransa Milli Məclisindəki Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə Senatdakı Fransa-Ermənistan dostluq qrupunun sədri Jilber Lük Devina Fransanın Xarici İşlər naziri Katrin Kollannaya rəsmi məktub ilə müraciət edərək, Zəngəzurda konsulluq açmaq xahişini ediblər.
Məktubda deyilir: “Sünik (Zəngəzur – red.) İrəvan ilə təkcə bir dağ yolu ilə bağlı olsa da, İranla sərhəd vasitəsi ilə xarici dünya ilə əlaqə üçün mühüm dəhlizdir. Ermənistan-İran sərhədi cəmi 35 km uzunluğa malik olsa da, Ermənistan üçün həyati əhəmiyyətə malikdir. 2020-ci ilin payızında, 44 günlük müharibə zamanı açıq qalmış yeganə dəhliz olub və Ermənistanı tam boğulmaqdan xilas edib”.
Qeyd edək ki, Ermənistan Gürcüstan, Azərbaycan, Türkiyə və İran dövlətləri ilə həmsərhəddir. Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoymuşdu. Görünür, ermənipərəst deputatlar hələ də bunu ağrı ilə xatırlayırlar və işğalçı Ermənistanın silahlandırılması dəhlizinin, dünya ticarət dəhlizinə çevrilməsini, azərbaycanlıların öz tarixi torpaqlarına, SSRİ rəhbərliyi tərəfindən Ermənistana bağışlanmış Zəngəzura qədəm qoymasını istəmirlər.
Məktubda daha sonra deyilir: “Azərbaycan rejiminin (Makrona iqtidarına qarşı kütləvi etirazlar fonunda polisin əhaliyə divan tutduğunu “unudan” deputatlar belə yazır – red.) Süniklə bağlı iddiaları var – Azərbaycan Respublikası Naxçıvanla quru əlaqəsinə nail olmaq istəyir. Bu iddialar daha böyük panturkist planın bir hissəsidir – Bosforun türk əhalisi ilə Xəzər regionununda yaşayanları birləşdirmək istəyirlər. Bu kontekstdə, hərbi disbalans günbəgün Azərbaycanın lehinə artır və Azərbaycan tərəfindən yeni hücumun mümkünlüyü fəlakətli nəticələr doğura bilər. Bu təhdidə qarşı dura bilmək üçün Ermənistanın müttəfiqləri azdır. Onların arasında Fransa Ermənistanın ərazi bütövlüyünə və erməni əhalinin təhlükəsizliyinə təminat verən ən sadiq dövlətlərdən biridir”.
Fransız deputatlar Qafanda, yaxud da Gorusda Fransanın konsulluğunun açılması tələbi ilə çıxış ediblər.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Qafan şəhərində İranın Baş konsulluğu işə başlayıb.
2023-cü il mayın 25-də, Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü zamanı isə erməni tərəfi Rusiyanın Sünikdə (Zəngəzurda) konsulluq açmaq təklifini müsbət qarşılarığını bildirmişdi.
Hürr Tərcüman