📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı "barışdırmağa" çalışır" - ZAUR MƏMMƏDOV

2024-02-28 11:41:27

"Ermənistan baş naziri revanş edərək müəyyən bir ərazidə erməni hərbçilərini irəlilətmək niyyətində ola bilər"

"Müəyyən xarici media resurslarında "Ermənistana təhdid olan Azərbaycan" haqda təbliğat, anti-Azərbaycan isterikası genişləndirilir. Təbliğat maşını tam sürətilə hərəkətə keçib. Məqsəd isə ictimai rəyi planlaşdırdıqları təxribata (müharibəyə) hazırlamaqdır". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq hesab edir ki, onlar öz çirkin məqsədinə don geyindirməyə çalışaraq Azərbaycanı Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edir: "Bu dəfə Fransa Qərbin "qanlı ssenarisi"ni reallaşdırmağa imza atıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Emmanuel Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı "barışdırmağa" çalışır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Ermənistana ötürülür, fransız hərbçiləri Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçir. Hədəf isə gün kimi aydındır - Ermənistanın qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməsi".

Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, "Azərbaycan hücuma hazırlaşır" təbliğatını aparan Qərb Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulmasını, hərbçimizin yaralanmasını, şərti sərhəddə atəşkəsin davamlı pozulmasını, Naxçıvan istiqamətində təxribatlara əl atılmasını görməzlikdən, eşitməzlikdən gəlir: "Yenə lal, kar, kor olublar, çünki işlərinə yarayır. Yaxın vaxtlarda məlum olub ki, Fransa və Ermənistan dövlət təhlükəsizlik nazirləri arasında gizli anlaşma olub. Medianın verdiyi məlumata əsasən, bu anlaşmaya görə, Ermənistan Fransaya, Fransa isə Ermənistana informasiya mübadiləsi aparacaq. Fransa kosmik sahədə inkişafından istifadə edərək kosmosdan Azərbaycan hərbçilərinin, hərbi texnikamızın istiqamətləri, mövqeləri ilə bağlı Ermənistandakı həmkarlarını məlumatlandıra bilər. Təhlükəsizlik məsələsindən başqa, hərbi-texniki əməkdaşlığı da biz xüsusilə vurğulamalıyıq. Həm hücum xarakterli, həm müdafiə xarakterli silahların göndərilməsi, fransız generalın Ermənistanda peyda olması və Qərbin müxtəlif media orqanlarında “Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır” kimi məsələ ondan xəbər verir ki, Qərbin ayrı-ayrı mərkəzləri Ermənistanla birlikdə müəyyən təxribat məqsədi daşıyırlar. Ermənistan baş naziri revanş edərək müəyyən bir ərazidə erməni hərbçilərini irəlilətmək niyyətində ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az