Fransa Ermənistana silah və hərbi texnika satacaq – Nazir İrəvana daha hansı vədlər verib?
“Paris İrəvanla hərbi texnikanın tədarükünə dair saziş bağlamağa razıdır”.
Hurriyyet.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna dünən İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
“Fransa gələcəkdə Ermənistanla müqavilənin bağlanmasına razılıq verdi. Bu da müdafiəsini təmin edə bilməsi üçün Ermənistana hərbi texnikanın verilməsinə imkan verəcək. Aydındır ki, mən hələlik bu məsələnin təfərrüatı üzərində dayana bilmərəm”, - deyə fransalı nazir bildirib.
“Mən həmçinin müşahidə missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi ilə bağlı rəsmi olaraq Aİ nümayəndəsi Jozep Borrelə məktubla müraciət etmişəm, bu Ermənistan üçün daha faydalıdır. Mən, həmçinin Ermənistanı Avropa Sülh Mexanizminə, məsələn, Moldova üçün həyata keçirilən proqrama daxil etməyi təklif etdim”, - Kolonna əlavə edib.
Fransalı nazir həmçinin ümid etdiyini bildirib ki, Aİ və onun üzvləri Fransanın verdiyi eyni aydın siqnalları göndərməyə başlayacaqlar – Ermənistanın ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox aydın və sərt reaksiya veriləcək”. “Ümid edirəm ki, digər tərəfdaşlara və dostlara da ümid bağlaya bilərik, xüsusən də ABŞ-ı nəzərdə tuturam”, - o vurğulayıb.
Ermənistanın yuxarıda qeyd olunan sazişə görə KTMT ilə əməkdaşlığı dayandırmasının Fransa üçün vacib olub-olmaması ilə bağlı suala Ararat Mirzoyan belə cavab verib: “Tərəfdaşlarımız heç vaxt bizim qarşımıza belə bir tələb, hətta sual da qoymayıblar”.
Xatırladaq ki, dünən Fransalı nazirin Zəngəzura və Gorusa səfəri planlaşdırılsa da, pis hava şəraiti səbəbindən baş tutmayıb./azpolitika.info/