Fransa Rusiyanı atəşkəsə razılaşmağa çağırdı
Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiyanı Ukraynada atəşkəsə razılaşmağa çağırıb.
Modern.az xəbər verir ki, Barro Rusiya Prezidenti Vladimir Putinə dəfələrlə atəşkəs təklif edildiyini bildirib.
“İlk addım bu müstəmləkəçi və imperialist təcavüzkar müharibəyə son qoymaqdır. Vladimir Putinə saysız-hesabsız dəfə atəşi dayandırmaq təklif olunub. İndi bu təklifləri qəbul edib-etməmək ondan asılıdır”, – deyə nazir vurğulayıb.
Barro qeyd edib ki, heç kim avropalılara öz təhlükəsizliklərini necə təmin etməli olduqlarını diktə edə bilməz.
“Ölkənin təhlükəsizliyini həmin ölkə və onun xalqı müəyyənləşdirir. Əgər bir ölkə və onun xalqı gələcəyini Avropa İttifaqı və ya NATO ilə bağlamağa qərar veribsə, heç kimin onlara başqa yol göstərmək adı ilə öz iradəsini diktə etmək hüququ yoxdur”, – deyə o bildirib.
Fransalı nazir bu prinsipləri qətiyyətlə və sonadək müdafiə edəcəklərini vurğulayıb.