Fransa XİN rəhbəri: “Azərbaycanla Ermənistan rəhbərləri Kişinyovda görüşə bilərlər”
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Fransanın Xarici İşlər naziri Katrin Kolonna Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək Avropa Siyasi Birliyi sammiti çərçivəsində görüşünün mümkün olduğunu söyləyib.
Kolonna erməni həmkarı Ararat Mirzoyanla birlikdə aprelin 28-də İrəvanda keçirdiyi mətbuat konfransında deyib: “Ola bilsin ki, Kişinyovdakı görüşdə oktyabrın 6-da Praqada olduğu kimi, yüksək səviyyədə dialoq keçirilsin”.
Bəlli olduğu kimi, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə keçirilən dördtərəfli görüşün yekununda verilən bəyənatda Azərbaycan ilə Ermənistan BMT-nin Nizamnaməsinə və 1991-ci il Alma-Ata deklarasiyasına bəyannaməsinə sadiqliyini nümayiş etdirərək, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bildirmişdilər.
Bəyanatda deyilir: “Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
Hürr Tərcüman