Fransa XİN: “Türk dronlarından Ukraynada istifadə edilməsi bizi narahat etdi”
Hurriyyet.az “Avronyus” (“Euro News”) telekanalına istinadən xəbər verir ki, Rusiya ilə Almaniya “Bayraktar TB2” Silahlı Pilotsuz Uçuş Aparatının Ukraynada rusiyapərəst Donbass separatçılarına qarşı istifadə edilməsindən narahatlığını bildirməsindən sonra növbəti açıqlamanı Fransa verib. Fransa Xarici İşlər Nazirliyi də Ukraynada “Bayraktar” dronlarından istifadə edilməsindən narahat olduqlarını bəyan edib.
Fransa XİN mətbuat xidmətinin açıqlamasında deyilir: “Minsk razılaşması çərçivəsində qadağan edilən ağır silahlardan istifadə edilməsindən, xüsusilə də Ukrayna ordusu tərəfindən də bəyan edildiyi kimi, “Bayraktar” tipli silahlı dronların istifadə edilməsindən narahatıq”.
Fransa XİN mətbuat katibi ağır silahlardan istifadə edilməsinin 2020-ci il iyulun 27-də qüvvəyə minmiş atəşkəs razılaşmasına zidd olduğunu deyib.
Almaniya XİN mətbuat nümayəndəsi isə “Bild” qəzetinə müsahibəsində Donbassda bütün tərəflərin PUA-dan istifadə elədiyini, lakin Minsk razılaşmasında görə, regionda yalnız ATƏT-in PUA istifadə eləməyə ixtiyarı olduğunu deyib.
Hürr Tərcüman